İrəvanı qarışdıran etiraf: Bütün ölkənin gözlədiyi tapşırıq niyə verilmədi? – Yeni xəritə
27 Avqust 20:22 SiyasətPrezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bir çox aktual mövzuya toxunub. Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılması məsələsindən danışıb.
Prezident bildirib ki, Azərbaycan Qarabağ müharibəsində qələbə qazandıqdan sonra yolu güc hesabına ələ keçirə bilərdi, lakin bunu etmədi. Bakı İrəvana ölkənin əsas hissəsinin Naxçıvanla əlaqəsini kəsə bilməyəcəyinə dair xəbərdarlıq etdi.
Sitat: "Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinə qədər dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun gələn il hazır olacağını gözləyirik".
Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, dövlət başçısının açıqlamaları həm Azərbaycanın strateji planlarını, həm də bölgədə yeni geosiyasi düzənin formalaşma perspektivlərini əks etdirir:
"Prezident İlham Əliyev müsahibədə xatırladıb ki, 2020-ci il noyabrın 10-dan sonra Azərbaycan ordusu Zəngəzur istiqamətində hərbi əməliyyatlarla nəticə əldə edə bilərdi. Lakin rəsmi Bakı məsələnin danışıqlar yolu ilə həllini üstün tutdu. Bu yanaşma Azərbaycanın regionda güc tətbiqindən çox siyasi iradə və əməkdaşlıq mühitinə önəm verdiyini göstərir. Buradakı ən böyük mesaj isə Bakının mövqeyinin müharibə yox, sülh yönümlü olduğunu bir daha təsdiqləyir.
Bu geosiyasi məsələdə Ermənistanın öhdəlikdən yayınması da mümkün variantlardan biridir. Azərbaycan lideri bir daha qeyd edib ki, Ermənistan Naxçıvanla əlaqənin açılması barədə götürdüyü öhdəlikləri beş ildir yerinə yetirmir. Bu isə İrəvanın beynəlxalq razılaşmalara sadiqliyi ilə bağlı ciddi suallar doğurur. Azərbaycan paralel olaraq dəmir yolu və magistral yollar inşa etməyə başlayıb, bununla Ermənistan amilini aradan qaldırmağa çalışır".
Politoloq bildirib ki, kommunikasiyaların açılması kimi tarixi siyasi hadisəyə regional güclərin maraqları da müxtəlifdir.
"Məsələn, Ankara üçün Zəngəzur dəhlizi strateji önəm daşıyır. Bu yol Türkiyənin Türk dünyasına birbaşa çıxışını təmin edir. Ona görə də Ankara Bakının mövqeyini qətiyyətlə dəstəkləyir. Amma Rusiya dəhlizin açılmasını dəstəkləsə də, Ermənistan üzərində təsirini itirməmək üçün prosesi uzatmağa maraqlı görünür. Lakin Azərbaycanın alternativ infrastruktur layihələri Rusiyanı da daha konstruktiv mövqeyə gətirə bilər.
Elman Telmanoğlu
Avropa İttifaqına (Aİ) gəldikdə, Brüssel üçün Zəngəzur dəhlizi "Orta Dəhliz" layihəsinin tərkib hissəsidir. Bu yol Avropaya Mərkəzi Asiya və Çindən gələn yüklərin tranzitini sürətləndirəcək. Ona görə də Aİ sabitlik və yolların açılmasında maraqlıdır.
İran isə ənənəvi olaraq bu layihəyə ehtiyatla yanaşır, çünki dəhlizin açılması onun tranzit imkanlarını zəiflədə bilər. Amma Azərbaycan-Türkiyə tandeminin güclənməsi fonunda Tehranın təsir imkanları məhdudlaşır.
Politoloqun sözlərinə görə, Ermənistanın davranış təcrübəsi süni maneələrin yaradılmasının mümkünlüyün göstərir, lakin artıq vəziyyət dəyişib:
"Azərbaycan öz ərazisində infrastrukturun tikintisini yekunlaşdırır, Türkiyə və Avropa dəhlizin açılmasında maraqlıdır, ölkəmizin hərbi-siyasi çəkisi artıb. Bu səbəbdən Ermənistanın müqavimət imkanları olduqca zəifləyib.
Ümumilikdə, yaranan vəziyyətdən belə görünür ki, Prezident İlham Əliyevin açıqlamalarından sonra, gələn ildən etibarən Naxçıvana maneəsiz quru əlaqəsi real hala çevrilə bilər. Bu yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın iqtisadi və geosiyasi xəritəsini dəyişəcək. Əgər Ermənistan öhdəliklərini yerinə yetirməsə, regional inteqrasiya layihələrindən kənarda qalacaq və nəticədə ən çox uduzan tərəf məhz özü olacaq - necə ki, bu günə qədər böyük iqtisadi layihələrdən təcrid olundu".