Xəzərdən böyük təhlükə yaxınlaşır
27 Avqust 23:24 SosialSon illərdə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəzərəçarpacaq həddə çatıb. Alimlər və ekoloqlar bildirirlər ki, iqlim dəyişikliyi, havaların isti keçməsi, uzunmüddətli quraqlıqlar, həmçinin Xəzərə axan çayların sularının azalması bu prosesin əsas səbəblərindəndir. Mütəxəssislərin sözlərinə görə, suyun səviyyəsi ildən-ilə geri çəkilir və bəzi sahilboyu ərazilərdə qumluqlar, torpaq sahələri üzə çıxmağa başlayıb.
Bəs Xəzər dənizinin belə qurumağa davam etməsi hansı problemlər yarada bilər?
Məsələni News24.az-a şərh edən AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, bu proses birbaşa Xəzərin özü ilə deyil, xarici təbii amillərlə əlaqədardır.
"Kənardan gələn hava axınlarının təsiri mühüm rol oynayır. Xəzər dənizi təqribən 4 milyon kvadratkilometrlik ərazidən qidalanır. Yəni, əsasən çayların gətirdiyi sular hesabına dolur. Bu suyun 80-85 faizi Ural və Volqa çaylarının payına düşür. Qalan hissə isə nisbətən kiçikhəcmli çaylardan gəlir. Əgər həmin çayların mənbə ərazilərində iqlim problemləri yaranırsa, bu, birbaşa Xəzərə təsir edir".
Ənvər Əliyev qeyd edib ki, hazırda həmin regionlarda ciddi quraqlıqlar müşahidə olunur:
"Xəzərin su topladığı ölkələrdə vəziyyət ürəkaçan deyil. Təəssüf ki, son illərdə quraqlıq halları güclənib. Xüsusilə son 1-2 ayda Qərbdən gələn rütubətli hava axınlarının azalması nəticəsində həm Azərbaycanda, həm də qonşu dövlətlərdə yağıntılar azalıb. Bu da öz növbəsində çayların suyunu azaldır və Xəzərin səviyyəsinə mənfi təsir göstərir".
AMEA rəsmisi əlavə edib ki, vəziyyət təkcə Xəzər regionu ilə məhdudlaşmır, mərkəzi Avropanın özündə də yağıntılar nəzərəçarpacaq dərəcədə azalıb, quraqlıq prosesləri güclənib