Vilayətinin Qafqaz açıqlaması: İran dini ritorika ilə zəif strateji mövqelərini gizlətməyə çalışır – ÖZƏL

"Əli Əkbər Vilayətinin Qafqazla bağlı bəlli açıqlamasında "Qurani-Kərim"ə istinad etməsi, Zülqərneyni "Böyük Kir"lə eyniləşdirməsi ilk baxışda dini-mifoloji mülahizə kimi görünə bilər, ancaq bu ritorikanın arxasında sırf strateji çıxarlar dayanır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. O bildirib ki, İranın ideoloji dairələri Qafqazı tarixi yaddaş kontekstində olduğu kimi, həm də "təhlükəsizlik kəməri" kimi təqdim etməklə bölgədə təsirini dini legitimliklə möhkəmləndirməyə çalışır. Burada əsas məqsəd Ermənistanı açıq müdafiə etməkdən çəkinib, lakin dini arqumentlərlə Qafqazda İranın "təbii haqqı" varmış imiş kimi təsəvvür yaratmaqdır.

Araşdırmaçı-yazar qeyd edib ki, bu yanaşma həm də iç siyasət auditoriyasına hesablanıb: "İran toplumunda İslam, şiəlik və qutsal mətnlərə istinad edildikdə arqumentlər daha qəbulolunan sayılır. Yəni Vilayəti kimi fiqurlar, Tehran rejiminin bölgəsəl siyasətini dini-mifoloji çərçivəyə salmaqla onun "ilahiləşmiş" obrazını yaratmaq istəyir. Əslində isə məsələ sırf geosiyasidir: Zəngəzur dəhlizi Ayətullah Tehranını uluslararası ticarət xəritəsindən qıraqda qoyur, onun təsirini zəiflədir və Ankara-Bakı-İslamabad xəttini gücləndirir".

Əkbər Qoşalı əlavə edib ki, hazırda İran hakimiyyətində dəhliz məsələsində açıq fikir ayrılığı var: "Prezident Məsud Pezeşkian və onun hökuməti daha praqmatik - mötədil mövqedən çıxış edir, dəhlizin bölgəsəl iqtisadi inteqrasiya üçün yararlarını anlayır. Özünü yaralanmış sayan mühafizəkar qanad isə dəhlizi İranın ərazi bütövlüyünə və "tarixi nüfuz zonası"na zidd hesab edərək sərt ritorika nümayiş etdirir. Bu fərq, əslində, İranın iqtisadi gerçəklikləri ilə ideoloji ambisiyaları arasındakı ziddiyyətin göstəricisidir.
ABŞ-Ermənistan yaxınlaşması fonunda Tehran daha da sıxışır: bir tərəfdən Batının Ermənistana açılışı, digər tərəfdən də Türkiyə-Azərbaycan yüksək müttəfiqliyi... Belə bir ortamda İranın dini ritorikaya sarılması təsadüfi deyil - çünki gerçək arqumentlər zəiflədikcə, mifoloji dayaqlar gücləndirilir".

Ə. Qoşalının sözlərinə görə, Vilayətinin vermiş olduğu və bənzəri açıqlamalar bir neçə yöndə təsir göstərə bilər:
1. Güvən böhranı - Azərbaycan toplumu və elitası bu ritorikanı İranın tarixi ekspansionist siyasətinin davamı kimi qəbul edir. Bu isə iki ölkə arasında güvənin daha da zəifləməsinə səbəb olur;
2. Diplomatik soyuqluq - İranın dini-mifoloji ritorikası konstruktiv siyasi dialoqun qarşısını alır. Gerçək iqtisadi yararları olan Zəngəzur dəhlizi haqqında dini kontekstdə danışmaq, əslində, siyasi müzakirələri zəhərləyir;
3. Bölgədə mövqelərin zəifləməsi - İran əgər sərt ritorikanı davam etdirərsə, dəhlizin açılışından qıraqda qalmaqla yanaşı, gələcək iqtisadi axınlardan da pay almayacaq. Halbuki, əslində dəhlizin açılması Tehranın özünə də tranzit gəlirlər gətirə bilərdi.

Araşdırmaçı-yazar bildirib ki, İranın dini və ideoloji dairələrinin Qafqaz məsələsinə "Qurani-Kərim" ayələri, mifoloji obrazlar və "tarixi haqlar" kontekstində yanaşması, əslində, zəifləmiş strateji mövqelərini kompensasiya cəhdidir. Bu, geosiyasi gerçəkliklə dini-simvolik təsəvvür arasında yaradılan süni körpüdür. Belə çıxır ki, Tehranın Fars-Molla kəsimi Qafqaz baxımından "Quran"dan bəridə istinadgah, tutalğac tapmayıb və tapdığı da yanlış yorumlanmadan başqa bir şey deyil. Heç olmazsa, qutsal kitaba dürüst yanaşmağı öyrənsinlər.

"Azərbaycan üçün əsas məsələ belə açıqlamaların ideoloji səviyyədə qalması, gerçək siyasətə təsir imkanlarının isə sınırlandırılmasıdır. Çünki gerçəklik budur: Qafqazda gələcəyin yol xəritəsini mifologiya deyil, güc və işbirliyi gerçəklikləri bəlirləyir," - deyə yazar sonda əlavə edib.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31