Ölkədə dərman qıtlığı yarandı - xəstələr təlaşda

Son həftələr Bakının və bölgələrin apteklərində bəzi dərmanların tapılmasında ciddi çətinlik yaranıb.
Xüsusilə ürək-damar xəstəlikləri, təzyiq və şəkər üçün istifadə olunan preparatların çatışmazlığı daha çox nəzərə çarpır.

Vətəndaşlar deyirlər ki, əvvəllər rahatlıqla əldə etdikləri dərmanları indi tapmaq üçün bir neçə aptek gəzməli olurlar.

Aptek işçilərinin sözlərinə görə, dərman təminatında yaranan boşluqlar idxalda gecikmələrlə bağlıdır. Həmçinin bəzi preparatların qiymətində artım müşahidə olunur. Bir çox həmsöhbərimiz deyir ki, bu vəziyyət həm maddi, həm də sağlamlıq baxımından onları çətin duruma salır. Səhiyyə Nazirliyindən isə bildirilib ki, dərmanların ölkəyə gətirilməsi istiqamətində işlər görülür və yaxın günlərdə vəziyyətin normallaşacağı gözlənilir.

İqtisadçı-ekspert Rauf Məmmədov bu barədə Musavat.com-a açıqlamasında bildirib ki, dərman bazarının böyük hissəsi idxaldan asılıdır:

"Əgər dünya bazarında logistika və qiymətlərlə bağlı problem yaranırsa, bu birbaşa olaraq ölkəmizə də təsir edir. Çıxış yolu yerli istehsalın gücləndirilməsidir. Ən azı tez-tez istifadə olunan əsas dərman vasitələri ölkə daxilində istehsal olunmalıdır ki, belə vəziyyətlərdə insanlar əziyyət çəkməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31