“Azərbaycanın enerji əməkdaşlığı: SEPAH-ın iddialarına realist cavab” - ÖZƏL

SEPAH Azərbaycanın İsrailə enerji dəstəyi 
verdiyini iddia edərək, Bakını "İran və Rusiyanın oyundankənar qaldığı bir dövrdə" Təl-Əvivə enerji dəhlizi açmaqda ittiham edib.

SEPAH-ın ittihamları regionda enerji balansına və İran-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?

" İstər İran, istərsə də SEPAH bu tipli iddiaları tez-tez gündəmə gətirir. Azərbaycan müstəqil ölkədir, istənilən ölkə ilə enerji sazişi imzalaya bilər". 
Bu fikirləri politoloq Turan Rzayev Olaylar az-a açıqlamasında söyləyib:

"Azərbaycanın İranla da müxtəlif sazişləri var. O zaman İsrail tərəfi də deyə bilər ki, Azərbaycan İranla birlikdə bizə qarşı əməkdaşlıq edir. Bunlar çox absurd yanaşmalardır. Maksimal xarakterli, reallığa əsaslanmayan yanaşmalardır. Azərbaycan İsraillə əməkdaşlıq edirmi? Bəli, edir. Azərbaycanla İsrail arasında hərbi sahədə, siyasi-diplomatik sahədə, enerji sahəsində əməkdaşlıq mövcuddur. Bu, bilinən bir faktdır, bunu gizlətməyə də ehtiyac yoxdur.
Amma məsələ burasındadır ki, bu əməkdaşlıq axı İrana qarşı və ya Fələstinə qarşı yönəlməyib. Hansı ölkə neft və qaz satdığı ölkənin daha sonra bu neft və qazı hansı məqsədlə istifadə edəcəyinə baxır? Dövlətlər arasında neft və qaz sazişləri qısa və uzunmüddətli kontraktlar əsasında imzalanır.
Məsələn, əgər Azərbaycan 2010-cu ildə İsraillə bir kontrakt imzalayıbsa və bu kontrakt əsasında ona neft və qaz satırsa, bundan sonra İsrail hansı dövlətlə müharibə aparıbsa, bunun Azərbaycana nə aidiyyəti var? Rəsmi Bakı bu məsələləri tamamilə beynəlxalq hüquq çərçivəsində aparır və bu günə qədər də nə İsrailə qarşı, nə Fələstinə qarşı, nə də İrana qarşı Azərbaycan bir addım atmayıb. Azərbaycanın xarici siyasəti bilənlər yaxşı başa düşür ki, rəsmi Bakının mövqeyi balans siyasətidir və biz heç bir ölkənin nə razı bir tələbinə, nə də işğal faktına dəstək verməmişik.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşa Media Forumunda qeyd etdi ki, Azərbaycan Ukrayna xalqının bu ədalətsizliklə barışmadığını bəyan edib. Yəni, faktiki olaraq Azərbaycan Ukraynanın haqq işini dəstəkləyir. Bu, Fələstin məsələsində də belədir. Çoxları bilmir, amma Azərbaycan Fələstinin müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycanın Fələstində daimi nümayəndəliyi var. Fələstinin də Azərbaycanda səfirliyi mövcuddur. Bundan başqa, Azərbaycan Fələstinə hər il humanitar yardımlar edir və beynəlxalq təşkilatlarda da Fələstinin mövqeyini dəstəkləyir. 
SEPAH bu cür məsələlərə yalnız öz baxış bucağından, yalnız görmək istədiyini görərək yanaşır. Reallıq ondan ibarətdir ki, rəsmi Bakının İsraillə əməkdaşlığı nə Fələstin məsələsinə, nə də İrana heç bir mənfi təsir göstərmir və ümumiyyətlə, İranla heç bir aidiyyəti yoxdur.
Azərbaycan nə İranın protektoratı  nə də müstəmləkəsi ki, Azərbaycanın kimlə əməkdaşlıq etməsinə İran qarışsın, müdaxilə etsin və ya belə bəyanatlar versin. Azərbaycan istədiyi ölkəyə neft və qaz sata bilər, bunun da İrana heç bir əlaqəsi yoxdur. Necə ki, İran uranı zənginləşdirir və düşünür ki, bunun dünyaya heç bir aidiyyəti yoxdur, bu, onun milli təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Eyni yanaşma bizdə də keçərlidir. Qaldı ki, İranın uranı zənginləşdirməsi daha təhlükəli bir tendensiyadır, nəinki Azərbaycanın istədiyi ölkəyə neft və qaz satması". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31