“SEPAH-ın Azərbaycana qarşı çıxışı fars milliyyətçiliyindən qaynaqlanır” – ÖZƏL
15:41 Siyasətİranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) növbəti dəfə Azərbaycana qarşı sərt və ittiham xarakterli bəyanatla çıxış edib. Bəyanatda Azərbaycan "Netanyahunun imperiyasına Xəzər nefti və qazı ilə dəstək verməkdə" günahlandırılır. SEPAH bildirir ki, Bakı "İran və Rusiyanın oyundankənar qaldığı bir dövrdə" əsas enerji istehsalçısına çevrilərək İsrailə enerji dəhlizi açır.
SEPAH-ın Azərbaycana qarşı bu cür sərt ritorikası hansı geosiyasi məqsədlərə xidmət edir?
"İran daxilində Azərbaycana qarşı düşmənçilik mövqeyində olan müəyyən qruplar fəaliyyət göstərir. Bu qruplar nə baş verirsə-versin, hər vəchlə Azərbaycanı ittiham etməyə çalışırlar. Onlar bir çox ölkəni hədəfə alsalar da, regionda əsas hədəf məhz Azərbaycandır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, burada xüsusilə İranın İnqilab Keşikçiləri Korpusu - SEPAH diqqət mərkəzindədir: "İranda ali rəhbərlik dini ideologiyaya əsaslanan sistem üzərində fəaliyyət göstərir. Amma SEPAH əsasən fars millətçi təbəqəsinə bağlı olan şəxslərdən formalaşıb və faktiki olaraq Türk dünyasına, xüsusilə Azərbaycana qarşı dərin nifrət bəsləyir. SEPAH-ın Azərbaycana qarşı düşmən mövqeyi yeni deyil. Bu, hələ 1990-cı illərdən, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müşahidə olunur. Bu qurum zaman-zaman bəyan edərək bildirir ki, regionda sərhədlərin dəyişməsi İranın "qırmızı xətti"dir və buna imkan verilməyəcək. Amma Ermənistan Azərbaycanın torpaqlarını işğal edəndə nə SEPAH, nə də İran rejimi buna etiraz etmədi. Heç bir rəsmi bəyanat verilmədi. Əksinə, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında güclənərkən, İranın dəstəyi açıq hiss olunurdu. SEPAH və İran rejimi separatçı rejimin ayaqda qalması üçün əsas dəstəkçi qüvvələrdən biri olub. Bu baxımdan SEPAH-ın indi Azərbaycanın əleyhinə əsassız bəyanatlar verməsi, onu müxtəlif qondarma ittihamlarla hədəfə alması tamamilə qeyri-ciddi və məntiqsiz yanaşmadır".
Z. Əmrəliyev qeyd edib ki, son açıqlamalarda Azərbaycan "Netanyahunun imperiyasına Xəzər qazı və nefti ilə dəstək verməkdə" ittiham olunur. Halbuki bu iddia tamamilə əsassızdır: "Rəsmi məlumatlar və statistika göstərir ki, Azərbaycanın neft hasilatı əvvəlki illərlə müqayisədə sabit şəkildə davam edir və bu neft beynəlxalq bazara çıxarılır. Kim hansı ölkədə bu nefti alırsa, bu, Azərbaycanın məsuliyyəti deyil. Azərbaycan heç bir ölkəyə xüsusi olaraq neft ixrac etmir. Üstəlik, son bir ildə İsrail Azərbaycandan ümumiyyətlə neft almır. Bu baxımdan İran tərəfinin verdiyi açıqlama yalnız pafos və siyasi münasibətləri pozmağa xidmət edən bəyanatdır".
"Əgər İran həqiqətən Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə öz daxilindəki radikal dairələrin davranışlarına nəzarət etməli və münasibətlərin gərginləşməsinə xidmət edən ritorikadan uzaq durmalıdır", - deyə siyasi şərhçi əlavə edib.
Səidə Ramazanova