Xameneinin müşaviri Zəngəzuru hədəf aldı – Azərbaycan-İran münasibətləri yenidən gərginləşir!
11:26 Siyasətİranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizini Rusiya və İrana qarşı blokada cəbhəsi kimi təqdim edib. Vilayəti qəti şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi ABŞ və İsrail tərəfindən İran və Rusiyaya qarşı yönəlmiş geopolitik planın bir komponentidir. Onun sözlərinə görə, bu layihə "Müqavimət Oxu"nu zəiflətmək, İranın Qafqazla əlaqəsini kəsmək və regionda İran-Rusiya əleyhinə bir blokada yaratmaq məqsədi daşıyır.
"İran regionda imtiyazlı mövqeyə çatmaq üçün Rusiya ilə müştərək hərəkət trayektoriyası qurmağa çalışır. Vilayətinin Zəngəzur dəhlizinə qarşı ənənəvi İran tezislərini yeniləməsi Tehranın Moskva ilə bərabər sürətli şəkildə irəliləyən Azərbaycan-Ermənistan sülh proqramına müdaxilə etmək səyini göstərir".
Olaylar.az xəbət verir ki, bu sözləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib. O qeyd edib ki, İran ABŞ ilə paralel şəkildə E3 (Böyük Britaniya, Fransa və Almaniya) formatında danışıqları həm də özünün Cənubi Qafqazda maraqlarının güclənməsi ilə nəticələndirmək həvəsindədir:
"İran üzdə Rusiya ilə müttəfiq kimi görünmək səylərini davam etdirsə də, pərdəarxasında Qərblə uyğunlaşdırılan strateji maraq qurmaq istiqamətinə də yönələ bilər. Bu mənada cənab Vilayətinin açıqlaması İran Rusiya və Qərb arasındakı strateji mübarizənin üzərindən uzaqmənzilli, nəticə əsaslı regional aparat yaratmağa cəhd edir. Zəngəzur dəhlizi ilə əlaqədar yeni bəyanat Rusiya-Qərb rəqabətinin arasında İran maraqlarını təmin etmək planını ifadə edir".
Aqşin Kərimov vurğulayıb ki, İranın Azərbaycan-Türkiyə strateji ittifaqına, bu müttəfiqliyin yaratdığı böyük ölçülü tərəfdaşlıq xəttinə müqavimət göstərmək potensialı qalmayıb:
"Lakin Vilayətinin bəyanatının Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Ermənistandakı missiyasını İrana qarşı kəşfiyyat oxu kimi təqdim etməsi ilə üst-üstə düşən məqamları var. Bu cəhətdən üzə çıxır ki, Azərbaycan Respublikası İranı bəzi tendensiyaların əsl mahiyyətinə inandıra bilib. Hərçənd ki, Azərbaycan-İran münasibətlərində açıq qalan strateji mahiyyətli məsələlər çoxdur.
Zəngəzur koridoru regional və beynəlxalq strateji zərurətlərdən irəli gələrək yeni münasibətlər sistemi yaratmaq vəzifələrini müəyyən edir. Müəyyənedici faktorun lokomotivi Azərbaycan və Türkiyə strateji ittifaqıdır. Yerdə qalanlar isə koridora geoiqtisadi və geosiyasi komponent kimi yanaşmalarla maraqlarını təmin etməyə çalışanlardır. Bu cəhətdən İranın dəhlizə qarşı mövqeyi dar motivasiyalıdır və Tehranın Azərbaycanın maraqlarına qarşı geniş şəkildə müqavimət göstərə bilmək potensialı getdikcə daha da məhdudlaşacaq".