“Azərbaycan təmkin, Rusiya isə ittiham dilində danışır” – ÖZƏL
24 İyul 16:38 SiyasətRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Xankəndidə keçirilən beynəlxalq media forumunda ukraynalı jurnalist Dmitri Qordonun iştirakına münasibət bildirib. Zaxarova forumda Qordonun görünməsini təkcə jurnalist fəaliyyəti kimi deyil, eyni zamanda Qərbin bölgədə artan təsirinin göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür hadisələr bölgədə sabitliyi pozmağa çalışan xarici dairələrin mövcudluğunu göstərir. "Mən bu proseslərin arxasında Qərbin, xüsusilə də bölgəmizdə sabitliyə və sülhə nifrət bəsləyən qüvvələrin əli olduğunu düşünənlərlə tamamilə razıyam. Qordonun orada olması ciddi siqnaldır", - deyə Zaxarova bildirib.
"Bugünkü vəziyyət belədir: Azərbaycanla Rusiya arasında soyuq küləklər davam etməkdədir. Rusiya bir tərəfdən Cənubi Qafqazda nüfuzunu itirir - təsir dairəsi getdikcə azalır və demək olar ki, aşağı səviyyəyə enib. Digər tərəfdən isə Ukrayna cəbhəsində istədiyinə nail ola bilmir. Rusiyanın bu ölkədəki gözləntiləri tamamilə boşa çıxıb. Təsəvvür edin ki, hər gün 1 milyard dollardan artıq vəsait və təxminən 1000-ə yaxın canlı qüvvə itirilir. Və bunun da geri dönüşü yoxdur. Rusiya daxilində də sosial-iqtisadi vəziyyət ürəkaçan deyil. Bu, artıq Rusiyanın özünün daxili problemləridir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib. Politoloq bildirib ki, Azərbaycanla münasibətlərə gəlincə isə, bu münasibətlərin soyumasına səbəb elə Rusiyanın özü olub: "2024-cü ilin 25 dekabrında baş verən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, ardınca isə Rusiyada, xüsusilə Moskva və digər şəhərlərdə azərbaycanlılara qarşı baş verən insidentlər bu təxribatların açıq göstəricisidir. Zaxarovanın açıqlamaları, xüsusilə də ukraynalı jurnalist Dmitri Qordonun Xankəndidə keçirilən forumda iştirakına verdiyi reaksiya, artıq Rusiyada "Qərbin izi"ni göstərmək kimi bir propaqanda alətinə çevrilib. Kimi bəyənmirlərsə, dərhal "Qərbin adamı" deyirlər. Amma Azərbaycan üçün bu, Qərbdir, Rusiya və ya başqa ölkədir - fərq etmir. Azərbaycan öz milli maraqlarını əsas götürür.
Politoloq qeyd edib ki, Dmitri Qordonun forumda iştirakı o demək deyil ki, Azərbaycan bu addımı Rusiyaya qarşı atıb: "Qətiyyən belə bir yanaşma düzgün deyil. Azərbaycan beynəlxalq səviyyəli media forumu keçirib və həmin tədbirə müxtəlif ölkələrdən iştirakçılar dəvət olunub. Qordon da bu çərçivədə iştirak edib. Onun verdiyi suallar da təbii ki, öz ölkəsinin maraqları və baxışları ilə bağlı idi. Rusiya isə bu kimi məsələlərə emosional və ittihamçı yanaşmaqla vəziyyəti daha da gərginləşdirir. Halbuki, münasibətləri normallaşdırmaq üçün addımlar atmalı olan tərəf də məhz Rusiyadır. Ancaq o, əvəzində günahı başqalarında axtarır. Bu isə nə siyasi etika baxımından düzgündür, nə də məntiqlidir. Eyni zamanda, Azərbaycanın diplomatik uğurları və beynəlxalq fəaliyyətindəki artım Rusiyanı narahat edir. Azərbaycan bu məsələlərdə çox incə və peşəkar şəkildə davranır, diplomatiyamız yüksək səviyyədə fəaliyyət göstərir. Amma Rusiya hələ də istəyir ki, postsovet məkanındakı ölkələr onun diktəsi ilə hərəkət etsin. Azərbaycan isə tamamilə fərqli, müstəqil xarici siyasət həyata keçirir. Bu da Rusiyanın narazılığına səbəb olur.
S. Hümbətovun sözlərinə görə, Rusiyanın Ukraynada düşdüyü dalan və sosial-iqtisadi geriləmə onu qıcıqlandırır. Qordonun forumda iştirakı da məhz bu kontekstdə emosional reaksiya ilə qarşılanıb. Halbuki, ondan əvvəl Ukraynanın sabiq xarici işlər naziri də Azərbaycana səfər etmişdi. Əgər narazılıq varsa, o zaman niyə onda deyil, indi etiraz edilir?
Bütün bunlar onu göstərir ki, burada həm qısqanclıq, həm də Azərbaycanın müstəqil və uğurlu siyasətinə qarşı daxili narahatlıq mövcuddur.
Səidə Ramazanova