Görünən odur ki,indiki şəraitdə Rusiya sazişin imzalanmasını istəmir- ÖZƏL

"ABŞ dövlət katibi   Rubionun yaxın vaxtlarda  Azərbaycan-Ermənistan sülh sazişinin imzalanacağına dair inamının nəyə əsaslandığı hələ ki, tam aydın deyil. Əlbəttə, mümkün qədər tez bir zamanda sülh sazişinin imzalanması bizim də arzumuzdur. Lakin Rubionun bu fikirləri səsləndirərkən konkret olaraq hansı faktlara və ya proseslərə istinad etdiyi məlum deyil."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Rubiodan sonra  ABŞ-ın digər bir rəsmi şəxsi də Azərbaycan-Ermənistan sülhünün imzalanması istiqamətində Vaşinqtonun müəyyən işlər gördüyünü iddia edən açıqlama verib. Lakin həqiqətən də ABŞ-ın bu yöndə hansı əməli addımları atdığı və konkret olaraq hansı təşəbbüslərlə çıxış etdiyi hazırda qaranlıq qalır. Bu səbəbdən  ABŞ rəsmilərinin sülh sazişi ilə bağlı səsləndirdiyi bəyanatlar aydınlıq yaratmaqdan daha çox, bir sıra suallar doğurur. Təəssüf ki, bu sualların cavabları da hələlik verilməyib.

Ehtimallardan biri ondan ibarətdir ki, ABŞ tərəfindən səsləndirilən bu bəyanatlar Rusiyanı qıcıqlandırmaq və Moskva ilə Ermənistan arasında gərginliyi artırmaq məqsədi daşıyır. Başqa sözlə, Vaşinqton  Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması prosesində guya iştirak etdiyinə dair fikir formalaşdırmaqla Rusiyanı bu məsələdə daha aktiv reaksiya verməyə vadar etmək istəyir. Bu da geosiyasi rəqabətin bir elementi ola bilər.

Bununla yanaşı, istisna deyil ki, ABŞ həqiqətən də sülh sazişinin imzalanması üçün pərdəarxası diplomatik kanallar vasitəsilə müəyyən işlər görür. Lakin bütün hallarda aydın olan odur ki, əgər ABŞ doğrudan da bu prosesdə maraqlı və fəal tərəf olsaydı, bu, artıq konkret nəticələrlə müşayiət olunardı.

Paşinyan da o qədər güclü və müstəqil siyasi fiqur deyil ki, ABŞ kimi bir dövlətin iradəsinə qarşı ciddi müqavimət göstərsin. Eyni zamanda Ermənistan da o qədər güclü dövlət deyil ki, Vaşinqtonun istəklərinə qarşı çıxsın. Amma məsələ ondadır ki, ABŞ-ın bu prosesdə həqiqətən maraqlı və qətiyyətli şəkildə iştirak edib-etmədiyi hələ də aydın deyil.

Əgər ABŞ səmimi şəkildə sülh sazişinin imzalanmasında maraqlıdırsa, bu, dolayısı ilə Rusiyanın əleyhinə atılmış addım kimi də qiymətləndirilə bilər. Çünki indiki şəraitdə Rusiya, görünən odur ki, bu sazişin imzalanmasını istəmir. Əgər saziş Rusiyasız imzalansa, bu, artıq Rusiyanın maraqlarına uyğun gəlməyəcək. Rusiya isə hazırda faktiki olaraq bu danışıqlarda iştirak etmir.

Beləliklə, əgər ABŞ  sülh sazişinin imzalanmasında ardıcıl və prinsipial şəkildə maraqlı olmasa, onda bu istiqamətdə real nəticə gözləmək çətin olacaq. Bu halda isə prosesə daha ciddi təsir göstərən tərəf yenə də Rusiya olaraq qalacaq. Hazırkı vəziyyətdə də Rusiyanın bu sazişin imzalanmasında maraqlı olmadığı açıq şəkildə görünür. Əgər ABŞ da bu məsələdə passiv qalarsa, Rusiya sazişin imzalanmasına mane olmaqda davam edəcək."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31