Arzu Bağırova: “Xankəndi artıq beynəlxalq dialoq məkanıdır” – ÖZƏL
10 İyul 14:45 Siyasət"İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün məhz Xankəndi şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq arenadakı suveren iradəsinin və geosiyasi çəkisinin növbəti təntənəsidir. Bu hadisə, dövlət başçısı cənab İlham Əliyevin strateji liderliyinin və diplomatik iradəsinin parlaq nəticəsi olmaqla yanaşı, həm də regional sabitliyin və əməkdaşlıq imkanlarının yeni platformasını formalaşdırdı".
Bu sözləri İƏT-in 17-ci Zirvə Görüşünün Xankəndidə keçirilməsi ilə bağlı Olaylar.az-a açıqlamasında "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova deyib. Arzu Bağırova bildirib ki, Xankəndi - uzun illər işğal altında qalmış, lakin indi azad olunaraq dirçəlməyə başlayan bir Azərbaycan şəhəridir. Məhz bu şəhərin beynəlxalq Zirvəyə evsahibliyi etməsi, təkcə simvolik yox, həm də gerçək siyasi və iqtisadi təsir gücünə malikdir. Zirvədə müzakirə olunan mövzular - iqtisadi inteqrasiya, ticarət dəhlizləri, enerji təhlükəsizliyi, daşımaçılıq, ərzaq təminatı sahələrində əməkdaşlıq - Azərbaycanın təşəbbüskar və koordinasiyaedici rolunu bir daha nümayiş etdirdi.
Xankəndidə keçirilən Zirvə, bölgənin yeni dönəmə qədəm qoyduğunu göstərdi. Artıq bu şəhər yalnız bərpaedilən deyil, həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Bu hadisə regionun hüquqi gerçəklikləri baxımından da çox önəmlidir - çünki Xankəndi başda olmaqla Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi, bütün əsassız şübhələri sıfırlayır və yeni hüquqi status-kvonun qəbulunu sürətləndirir.
Bir vətəndaş cəmiyyəti təmsilçisi olaraq, bu Zirvəni strateji baxımdan möhkəmləndirici addım və gələcək inteqrasiya proseslərinin təməli kimi qiymətləndiririk.