SEPAH-ın hədəfində yeni reallıqlar: Azərbaycanla yaxınlaşan Pezeşkian, zəifləyən fars təsiri - ÖZƏL
10 İyul 2025 14:53 SiyasətSon günlər SEPAH-a bağlı Telegram kanalları və radikal mollalar yenidən Azərbaycana qarşı aqressiv ritorikaya başlayıblar. Bu, SEPAH-ın son qarşıdurmalarda nüfuz itirməsi və Məsud Pezeşkianın regiondakı sülhyönümlü, rasional siyasətinin ictimai dəstək qazanması fonunda baş verir. Pezeşkianın Xankəndi səfəri və Prezident İlham Əliyev, eləcə də Türkiyə Prezidenti Ərdoğanla qurduğu isti münasibətlər İran daxilində mühafizəkarları narahat edir. Nəticədə, onu hədəfə alan təbliğat kampaniyası genişlənir.
"SEPAH-ın bu tutumu onun ənənəvi mövqeyinin davamıdır və hətta daha radikal formaya doğru yol alır. Bu da başa düşüləndir. Çünki SEPAH rəhbərliyi, xüsusən o şovinist qanad, yəni İran siyasi elitasındakı radikal qanad artıq görürlər ki, reallıqlar sürətlə dəyişir və farsizm bölgədəki əvvəlki təsirini getdikcə itirməkdədir".
.jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib. Politoloqun fikrincə, İranın sərt mövqeyi heç bir şəkildə bu dəyişikliklərin qarşısını ala bilməyib - sadəcə prosesi bir qədər uzada bilər:
" Bugün bu reallıqların ən önəmli həlqələrindən birini təşkil edəcək Zəngəzur dəhlizinin açılması məsələsinə artıq İranın mövqeyi nədir, necə olacaq, heç kimin marağında deyil. Bir neçə il əvvəl bu dəhlizin açılması məsələsi gündəmə gələndə İranın fikirlərinə də önəm verilirdi, onun mövqeyi nəzərə alınırdı. İndi isə onun nə deyəcəyi, nə düşünəcəyi heç kim üçün maraqlı deyil.
Çünki ABŞ-nin İrana son zərbələri bir daha göstərdi ki, hər nə qədər İran texniki cəhətdən inkişaf etsə də, bu inkişaf səviyyəsi ABŞ-nin sahib olduğu səviyyəyə çatmır. Nəinki çatmır, əhəmiyyətli dərəcədə geri qalır. Belə bir reallıqda İranın yeni dəyişikliklərdə mövqe bildirməsi və yaxud da ki, "bizim qırmızı xətlərimiz var, bunu hər yolla əngələyəcəyik" kimi bəyanatlar verməsi və ya bunu faktiki həyata keçirməsi reallıqdan uzaqlaşır.
Çünki son danışıqlar və atılan addımlar göstərir ki, bugün Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin və sülhün əldə edilməsinin əsas vasitəçilərindən biri Türkiyədirsə, digəri ABŞ-dır. Başqa tərəflər də var təbii ki, amma onların bölgəyə təsir imkanları Türkiyə və ABŞ qədər deyil. Buna görə də biz əsasən burada Türkiyə və ABŞ üzərində dayanmalıyıq.
İran indi həm Türkiyənin bu regional üstünlüyünə, həm də ABŞ-nin hərbi-texniki üstünlüyünə qarşı regionda baş verəcək yeni dəyişikliklərin qarşısını ala bilməyəcəyini açıq görür. Məsud Pezeşkian faktını da qeyd etdik. Pezeşkianın siyasi həyatına və karyerasına baxanda görürük ki, o, İrandakı radikal qüvvələr qədər şovinist-faşist siyasət yürütməyib. O, həmişə mülayim siyasətdən yana olub, dünya siyasətini anlayan qanadı təmsil edib və regional əlaqələrdə "onu etmək olmaz, bunu etməyəcəyik" deyənlərdən olmayıb.
Əməkdaşlıq və qarşılıqlı iş birliyindən faydalanmaq istəyən, İranı bu yolla radikal təsirlərdən xilas edib inkişaf etdirməyə çalışan qüvvələr sırasında yer alıb. Ona görə də Məsud Pezeşkian anlayır ki, Zəngəzur dəhlizi məsələsi və digər regional dəyişikliklərə qarşı İranın sərt mövqeyi heç bir şəkildə bu dəyişikliklərin qarşısını ala bilməyib. Sadəcə zaman olaraq prosesi bir qədər uzada bilər, amma qarşısını almaq iqtidarında deyil.
Buna görə də Pezeşkian düşünür ki, əks cəbhəyə keçib radikal qüvvələr tərəfində yer almaqdansa, İran maraqlarının təmsil olunduğu bir reallığın formalaşması üçün əməkdaşlıq etmək daha uyğundur və onun son dönəmlərdə atdığı addımlar da məhz bunu göstərir.
İndi SEPAH, daxildə artıq mübarizə apardığı cəbhələri genişləndirib. Yəni onlar artıq təkcə Amerikayla deyil, İsraillə, Türkiyə ilə, Azərbaycana qarşı da mübarizə aparırlar. Mübarizə dairəsini genişləndirib, daxildəki daha mülayim qüvvələrə, yəni Pezeşkian və onun kimi düşünənlərə də qarşı savaş açırlar.
Bu da İranı daha bərbad vəziyyətə salacaq. Əvvəllər İran siyasi elitası sadəcə xarici faktorlarla mübarizə aparırdısa, indi SEPAH-ın radikal tutumu imkan verir ki, İran daxilində də parçalanmalar yaşansın və SEPAH-la mübarizə aparan qüvvələrin sayı artsın.
SEPAH-ın Azərbaycana qarşı radikal tutum və ritorikasının bir məqsədi var. Anlayır ki, regional proseslər Azərbaycan olmadan həyata keçirilə bilməz. ABŞ Cənubi Qafqaz ölkələrində, ən başda da Azərbaycanda istədikləri addımları reallaşdıra bilməz. Türkiyə də təkbaşına Cənubi Qafqazı nəzarətdə saxlaya bilməz. Burada əsas aktor yenə də Azərbaycan önə çıxır.
Anlayırlar ki, bu regional proseslərin qarşısını almaq üçün Azərbaycanı saxlamaq kifayətdir. Azərbaycana zərbə vurmaqla, Azərbaycanın mövqeyini dəyişdirməklə, Azərbaycanın geri çəkilməsinə nail olmaqla bütün bu dəhşətli proseslərin qarşısını ala bilərlər. Buna görə də SEPAH bir növ Azərbaycan siyasi elitasına təhdid kartından istifadə edir.
O təhdidlər, bəyanatlar, süni intellekt ilə hazırlanmış videolar və digər addımlar məhz buna hesablanıb ki, Azərbaycan bu əhəmiyyətli proseslərdən uzaqlaşsın, bu addımlardan imtina etsin və status-kvo İran və SEPAH-ın xeyrinə davam etsin.
Amma hazırda Azərbaycan tərəfi bu yaranmış təhdidlərə qarşı qətiyyət göstərir və hər keçən gün əmin oluruq ki, Azərbaycan tərəfi qərarlıdır. Azərbaycan maraqlarının irəli gələn bütün məsələlərdə, regional proseslərdə aktivdir və bu yoldan geri dönməyəcək.
Pezeşkianın Xankəndiyə səfəri də ona görə hesablanıb ki, o, bütün bu proseslərin fərqindədir. Azərbaycan üçün açılan yeni reallığın fərqindədir və Pezeşkian türk olduğu üçün Azərbaycanın uğurlarını kənar uğur kimi görmür. Mən belə başa düşürəm ki, Pezeşkian Azərbaycanı təhlükə olaraq görmür və ona görə də Azərbaycanla əlaqələri inkişaf etdirmək, əməkdaşlıq şəraitində siyasət yürütmək istəyir".
Zeynəb Mustafazadə