Əgər bu dəyişikliklər baş verməzsə, İranın parçalanması labüddür- ÖZƏL
10 İyul 13:03 Siyasət"Çox təəssüf ki, İranda hakimiyyətdə olan fars molla rejimi və onların nəzarətində fəaliyyət göstərən SEPAH, İslam Keşikçiləri kimi qurumlar bu dövlətin inkişafına ciddi maneələr törədir."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Hazırkı prezident Məsud Pəzeşkian doğrudan da İranın dünyaya açılmasına və qonşu dövlətlərlə, xüsusən də Azərbaycan Respublikası ilə yaxın münasibətlər qurulmasına maraq göstərir. O, yaxşı anlayır ki, bu problemlər həll olunmadan İranı hazırkı böhrandan çıxarmaq mümkün deyil. Lakin fars molla rejimi ona ciddi təzyiqlər göstərir, prezidentin səlahiyyətlərini məhdudlaşdırır və onu küncə sıxışdırır. Hətta dövlətə məxsus rəsmi təbliğat vasitələri də Pəzeşkianı gözdən salmaqla məşğuldur.
Bu vəziyyət göstərir ki, İranda hökm sürən fars molla rejimi ölkənin normal, hüquqi və müasir dövlətə çevrilməsinə imkan vermək niyyətində deyil. Biz isə hesab edirik ki, İranın normal bir dövlətə çevrilməsinin yeganə yolu onun dünyəvi bir quruluşa keçməsi, molla rejiminin siyasi hakimiyyətdən uzaqlaşdırılması və Prezident Pəzeşkianın rəhbərliyi altında vahid, sivil bir dövlət strukturunun formalaşmasıdır. Eyni zamanda, ölkədə yaşayan türklərin hüquqlarının təmin olunması və türk dilinin dövlət dili elan edilməsi də vacib şərtlərdən biridir.
Əgər bu dəyişikliklər baş verməzsə, İranın parçalanması labüddür. Belə bir ssenaridə Güney Azərbaycanın azadlığa qovuşması və növbəti mərhələdə bütöv Azərbaycanın formalaşması qaçılmaz olacaq. Biz istərdik ki, bu proseslər zorla deyil, dinc və islahatlar yolu ilə həll olunsun. Amma mövcud rejim buna imkan vermədiyi üçün, çox güman ki, ikinci ssenari reallaşacaq."
İbrahim Məmmədli