Rusiya ABŞ-la qarşı-qarşıya: Tramp oxları Bakıya çevirdi – Paşinyan sevinir
10 İyul 10:52 SiyasətABŞ Dövlət Katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə keçirilən birgə iclasda Vaşinqtonun yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözlədiyini bildirib.
Rubionun bu açıqlaması İrəvanda və Cənubi Qafqazda maraqlı aktorlar arasında müzakirələrə səbəb olub. Hətta erməni ekspertlər Tramp administrasiyasının bu məsələnin məhz ABŞ-ın iştirakı ilə həlli üçün ciddi şəkildə aktivləşdiyini deyirlər. Lakin ilk növbədə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinin yerinə yetirilməsi gözlənilir.
Digər yandan Rusiyanın sülh prosesinə yanaşması nahatlıq doğurur. Kreml Bakı və İrəvan arasındakı danışıqlarda irəliləyişin və yumuşalmasının olmasından sonra ilk növbədə Ermənistanı qarışdırmağa çalışdı və Azərbaycana təzyiqlərini artırdı.
Moskva prosesə mane olmaq üçün hansı yollara əl ata bilər? Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını həyəcanla gözləyən ABŞ Rusiyanı neytrallaşdıra bilərmi?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb:
"Azərbaycanın hələ də haqlı tələbləri var. Bunların başında Ermənistanın Konstitusiyasının dəyişdirilməsi və atəşkəsin qorunması üçün müşahidə qrupunun yaradılması durur. Görünür, Konstitusiya dəyişiklikləri həm Bakının tələblərini yerinə yetirəcək, sülh üçün maneələri aradan qaldıracaq, həm də Nikol Paşinyana hakimiyyətini möhkəmləndirmək imkanı verəcək. Eyni zamanda, bu zəmində kilsənin səlahiyyətlərinin azaldılması da düşünülür.
İlyas Hüseynov
Ermənistanda apostol kilsəsinin idarəediciləri ilə siyasi hakimiyyət arasında ciddi ziddiyyətlər var. Aydın məsələdir ki, bu qarşıdurmanı Rusiyanın maraqları qızışdırır. Kremlin bu ölkəyə təsiri hələ də mövcuddur. Digər tərəfdən, sülhün aktuallaşması Moskva ilə Bakı arasında fikir ayrılığı yaradır. Eyni zamanda, sülh prosesi Vaşinqton tərəfindən siyasi kapitala çevrilmək üzrədir.
Donald Tramp Nobel mükafatı almaq istəyir, bunun üçün də İran, İsrail, Ukrayna və Rusiya ilə bağlı gərginlikləri azaltmaq niyyətindədir. Ancaq hələlik bu məsələlərdə irəliləyiş əldə edə bilməyib. Ona görə də diqqətini Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldib. Görünür, ABŞ bu prosesi uğurla başa çatdırmaqda qətiyyətlidir".