“BMT artıq dünyada öz vəzifəsini yerinə yetirə bilmir” – Əli Mustafa – ÖZƏL
9 İyul 2025 14:46 SiyasətErməni lobbisi və onun təsiri altındakı bəzi beynəlxalq QHT-lər BMT İnsan Hüquqları Şurasında "Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi" mandatının yaradılması üçün kampaniyaya başlayıb. "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın rəhbəri Sahib Məmmədovun sözlərinə görə, bu təşəbbüsdə "Christian Solidarity International" adlı anti-Azərbaycan mövqeyi ilə tanınan təşkilat xüsusi fəallıq göstərir.
Hazırda BMT-nin belə mandat verdiyi 14 ölkə olsa da, Qarabağla bağlı ayrıca məruzəçi təyin olunması həm hüquqi baxımdan əsassızdır, həm də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasına baxmayaraq, erməni diasporu və bəzi Qərb dairələri bu məsələ üzərindən hələ də manipulyasiya etməyə çalışır.
"BMT 1945-ci ildə yaradılıb və əsas məqsədi dünyada sülh və təhlükəsizliyi təmin etmək idi. Lakin bu gün dünyanın bir çox bölgəsində münaqişələr davam edir, sülh pozulub və təhlükəsizliklə bağlı ciddi problemlər yaşanır. BMT isə, sanki, bu vəziyyətə göz yumaraq hərəkətsiz qalır.
Artıq öz əsas işi ilə məşğul olmayan belə bir təşkilatdan digər məsələlərə diqqət yetirməsini və effektiv şəkildə müdaxilə etməsini gözləmək əlbəttə ki, qeyri-real görünür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan və Ermənistan arasında bu gün müəyyən rəsmi və qeyri-rəsmi razılaşmalar var. Güman ki, bu razılaşmalar yaxın gələcəkdə daha konkret razılaşmalarla əvəz olunacaq. Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi şəkildə qəbul edib. Belə bir şəraitdə müəyyən QHT-lərin və ya beynəlxalq şəbəkələrin fəaliyyətləri, təşəbbüsləri ciddi suallar doğurur. Bu strukturların bəziləri sadəcə erməni lobisinə bağlı deyil, eyni zamanda Rusiya ilə əlaqəli olan mərkəzlər tərəfindən də yönləndirilə bilər. Çünki Azərbaycan və Ermənistan arasında münaqişənin yenidən alovlanması, qan tökülməsi ilk növbədə Rusiya maraqlarına uyğundur. Rusiya bu qarşıdurmanı yenidən qızışdırmaqla bölgədə təsirini bərpa etmək və genişləndirmək istəyir. Beləliklə, bu cür təşəbbüslərin kimlər tərəfindən və hansı mənbədən qaynaqlandığı xüsusi araşdırılmalıdır.
Bu QHT-lərin indiki vəziyyətdə irəli sürdüyü təkliflərin və təşəbbüslərin hüquqi əsasları yoxdur. Çünki Ermənistan dövləti artıq bu münaqişədə tərəf deyil. Əgər bu cür təşəbbüslər Ermənistanın rəsmi dəstəyi ilə reallaşsa belə, yalnız o zaman müəyyən mənaya sahib ola bilər. Ancaq ehtimal olunur ki, Ermənistan bu cür təşəbbüslərə dəstək verməyəcək. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, o zaman bu cür təxribatların qarşısını almalıdır. Ermənistan rəsmiləri açıq şəkildə bəyan etməlidir ki, bu hadisələrin onların dövlət mövqeyi ilə heç bir əlaqəsi yoxdur və əksinə, bu cür təşəbbüslər sülhə qarşı təxribatdır. Bu təşəbbüslər mümkün olan ən erkən mərhələdə - daha "beşiyindəcə" boğulmalıdır. Azərbaycan dövləti rəsmi şəkildə öz etirazını bildirməli və mövqeyini ortaya qoymalıdır. Bununla yanaşı, Azərbaycan beynəlxalq əlaqələrindən, mövcud strukturlarından istifadə etməlidir. Xarici siyasət vektorları genişləndirilməli, diaspor təşkilatları canlandırılmalı, hətta ehtiyac yaranarsa, yeni QHT-lər yaradılaraq bu cür təxribatlara qarşı ciddi reaksiya verilməlidir.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu təxribatların qarşısını almaq üçün diplomatik səylərini gücləndirməli, Ermənistan isə prosesə qoşularaq sülhə mane olan təşəbbüsləri dəstəkləmədiyini açıq şəkildə bəyan etməlidir.
"Bu məsələdə təkcə Azərbaycanın deyil, Ermənistanın da fəal iştirakı vacibdir. Ermənistan da bu prosesə qoşularaq təxribatların qarşısının alınmasında üzərinə düşən rolu oynamalıdır. Çünki bu təşəbbüslərin hüquqi və siyasi əsasları yoxdur və bu da müvafiq şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Əgər Azərbaycan diplomatik səylərini davam etdirərsə, müxtəlif xarici tərəfdaşlarla əməkdaşlıq qurarsa, bu təxribatın qarşısını almaq mümkündür. Üstəlik, bu təşəbbüslər nə Ermənistanın, nə də Qərb dövlətlərinin maraqlarına uyğundur. Burada əsas maraqlı tərəf Rusiyadır və onunla əlaqəli erməni diaspor şəbəkələridir. Ona görə də Qərb ölkələri, xüsusilə ABŞ bu barədə məlumatlandırılmalıdır. ABŞ-nin müvafiq qurumları, eyni zamanda BMT rəhbərliyi ilə danışıqlar aparılmalı, Azərbaycan tərəfindən rəsmi məktublar göndərilməlidir. Bunu Azərbaycan parlamenti və digər müvafiq dövlət qurumları həyata keçirə bilər. Belə təxribat xarakterli fəaliyyətlərə vaxtında və çevik şəkildə reaksiya göstərilməlidir. Əgər bütün bu addımlar vaxtında atılarsa, bu təxribatın qarşısı alınacaq və növbəti erməni fitnəsi uğursuzluğa düçar olacaq. Əks halda, bu təşəbbüs Azərbaycanın beynəlxalq nüfuzuna, regional təsirinə zərər vuracaq və xüsusilə də indiki mərhələdə Rusiya təsirinə qarşı mübarizəyə zərbə ola bilər".
Səidə Ramazanova