Azərbaycan dövləti vasitəçi olmadan, birbaşa görüşlərin, danışıqların və nəticələrin tərəfdarıdır- ÖZƏL

"Birincisi, gəlin əvvəlcə "kollektiv Qərb" ifadəsini Azərbaycan ictimai rəyindən çıxaraq.Çünki Azərbaycanla münasibətlərdə belə bir "kollektiv Qərb" anlayışı yoxdur. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin iştirakçısıdır və şükürlər olsun ki, Qərbdə də bizə münasibətdə kollektiv yanaşma mövcud deyil. Bu ifadəni Rusiya uydurub. Əslində, Rusiyaya qarşı müəyyən mənada bir kollektiv yanaşma var, bu isə onların problemidir. Azərbaycanın isə belə bir problemi yoxdur."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"İkincisi, Azərbaycan Prezidentinin Qərbin - istər vasitəçiliyi ilə, istərsə də başqa bir üçüncü tərəfin təşəbbüsü ilə - hər hansı bir görüş keçirməsi və bu görüşün nəticə verməsi təqdirəlayiqdir. Lakin bir məqamı unutmamalıyıq: Azərbaycan dövləti vasitəçi olmadan, birbaşa görüşlərin, danışıqların və nəticələrin tərəfdarıdır. Çünki Azərbaycan hesab edir ki, bu cür məsələlərdə üçüncü tərəflər kömək etməkdən daha çox, dağıdıcı rol oynayırlar. Biz bunu dəfələrlə müşahidə etmişik və görmüşük ki, üçüncü tərəflərin iştirakı nəticələrə mənfi təsir göstərib.

Ona görə də düşünürəm ki, hətta Dubayda üçüncü tərəflərin təşkilatçılığı ilə belə bir görüş baş tutsa belə, nəticənin ikitərəfli formatda əldə olunması mümkündür. Yəni Ermənistan və Azərbaycan ortaq məxrəcə gələ bilərlər. Çünki Azərbaycan nə istədiyini özü yaxşı bilir, Ermənistan da nə istədiyini özü bilir. Təbii ki, üçüncü tərəflərin də öz maraqları var və bu maraqlar çox zaman bizim maraqlarımızla üst-üstə düşmür. Bu səbəbdən də nəticə əldə olunmur.

Beləliklə, ən yaxşısı ikitərəfli görüş və ikitərəfli nəticədir. Bu görüş Dubayda da baş tuta bilər, Ankarada da, yaxud bizə yaxın, dost və münasib hesab etdiyimiz başqa bir şəhərdə də."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31