Paşinyan yaxın vaxtlarda mühüm qərarlar verməyə hazırlaşır- ÖZƏL

"Hazırda Ermənistanda ciddi siyasi təlatümlər baş verməkdədir. Paşinyan hökumətinə yaxın qüvvələr ölkədə genişmiqyaslı həbslər kampaniyasına start veriblər. Bu çərçivədə bir sıra nüfuzlu şəxslər, o cümlədən Erməni Qriqoryan Kilsəsinin nümayəndələri, Bağrat Qalstanyan və Aça Paşayan həbs olunublar. Eyni zamanda, müxalif qüvvələrin, o cümlədən Daşnaksütyun partiyasının ofislərinə basqınlar edilib, təşkilatın bəzi nümayəndələri saxlanılıb."

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Digər tərəfdən, Rusiyadan Ermənistana gələn erməni əsilli rusiyalı milyarder, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin rəhbəri Samvel Karapetyan da həbs edilib. Ardınca Ermənistan parlamenti onun şirkətinin milliləşdirilməsi ilə bağlı qərar qəbul edib. Daha sonra Karapetyanın şirkətində icraçı direktor vəzifəsində çalışan yaxın qohumu da həbs olunub.

Bütün bu proseslər fonunda aydın olur ki, Paşinyan ölkədə Rusiyanın təsiri ilə bağlı - xüsusilə də "beşinci kolon" adlandırılan dairələri - neytrallaşdırmağa çalışır. Çünki ona qarşı çevriliş təhlükəsi, yaxud ən azı növbəti parlament seçkilərində məğlub olması üçün Rusiya tərəfindən sistemli kampaniya aparıldığına dair ehtimallar var.

Paşinyan bu təhlükəni hiss edir və "Demokl qılıncını" başı üzərində görərək, onu aradan qaldırmaq üçün preventiv tədbirlər həyata keçirir. Amma bu həbslər birdən-birə reallaşmayıb - həmin şəxslər əvvəlcədən izlənilib, onların telefon danışıqları, görüşdükləri insanlar və hərəkət marşrutları nəzarətdə saxlanılıb. Böyük ehtimalla, bu çərçivədə Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin əvvəlki rəhbəri də məhz bu səbəbdən vəzifədən azad edilib və yerinə Paşinyana daha loyal olan Simonyan təyin olunub.

Paşinyan hazırda çalışır ki, təhlükəsizlik orqanlarında ona sadiq kadrlar yerləşdirsin və Rusiyanın təsir agenturasını bu strukturlardan uzaqlaşdırsın. Əsas məqsədi hakimiyyətini möhkəmləndirmək və 2026-cı il parlament seçkilərinə güclü şəkildə hazırlaşmaqdır.

Bundan başqa, görünən odur ki, Paşinyan yaxın vaxtlarda mühüm qərarlar verməyə hazırlaşır. Bu qərarlar həm Avropa İttifaqına inteqrasiya, həm də Azərbaycanla sülh prosesi ilə bağlı olacaq. Bir neçə gün əvvəl onun konstitusiyanın dəyişdirilməli olduğunu bəyan etməsi də göstərir ki, ölkədə ciddi siyasi kurs dəyişikliyi gözlənilir. Bu fonda ona qarşı kütləvi müqavimətin və təzyiqlərin ola biləcəyini əvvəlcədən görərək, indi preventiv tədbirlər görür.

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31