“Zəngəzur dəhlizi regional sabitliyə gedən yol ola bilər” – Ramiyə Məmmədova – ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin təkcə Azərbaycanın deyil, bütün regionun maraqlarına xidmət edəcəyini bildirib. O, bu layihəni həm geosiyasi, həm də geoiqtisadi inqilab kimi qiymətləndirərək, dəhlizin Orta dəhliz üzərindən türk və Avropa mallarının Orta Asiya və Çinə daşınmasını sürətləndirəcəyini vurğulayıb. Ərdoğan, Ermənistanın əvvəlki etirazlara nisbətən daha çevik mövqe tutduğunu və dəhlizin İran da daxil olmaqla digər qonşular üçün də iqtisadi fürsətlər yaratdığını qeyd edib.

"Bu məsələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə fikir bildirib və hər zaman yalnız logistik və iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan bu dəhlizin əhəmiyyətinə diqqət çəkib. Ən son açıqlamalarında da vurğulayıb ki, bu layihə region üçün böyük iqtisadi gəlir, eyni zamanda da siyasi sabitlik gətirəcək bir təşəbbüsdür".

Bu fikirləri mövzunu Olaylar.az-a şərh edərkən siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu dəhliz Azərbaycanın Naxçıvanla birbaşa birləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin Çin və Orta Asiyadan gələn yüklərin Xəzər dənizi vasitəsilə Türkiyə üzərindən Avropaya və əks istiqamətdə daşınması üçün geniş bir logistik marşrutun formalaşmasına imkan verəcək. Bu isə yalnız Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda İran üçün də əhəmiyyətlidir, çünki İranın ticarət yollarının genişlənməsi və çıxışı üçün rahatlıq yaradacaq. Dəhliz Ermənistan, Gürcüstan və regionun digər ölkələri üçün də mühüm iqtisadi üstünlüklər və gəlir imkanları vəd edir. Bununla yanaşı, iqtisadi əməkdaşlıq siyasi sabitliyə də gətirib çıxaracaq. Əgər bölgədə iqtisadi maraqlar güclənərsə, bu, siyasi sabitlik üçün zəmin yaradar və region ölkələri münaqişələrdən qaçmağa daha çox maraqlı olarlar.

Siyasi şərhçi qeyd edib ki, Ərdoğana görə, Zəngəzur dəhlizinin açılması təkcə iqtisadi deyil, həm də regional sabitlik və sülh üçün strateji əhəmiyyət daşıyır.

"Ərdoğan da bu məsələni məhz bu kontekstdə qiymətləndirir. O hesab edir ki, Ermənistan da bu məsələdə Azərbaycan və Türkiyə ilə əməkdaşlığa açıq olmalı, dəhlizin açılmasına razılıq verməli və sülh müqaviləsinin imzalanmasına müsbət yanaşmalıdır. Çox güman ki, yaxın gələcəkdə, məsələn Dubayda baş tutacaq beynəlxalq toplantılarda Zəngəzur dəhlizi məsələsi prioritet olaraq müzakirəyə çıxarılacaq. Həm sülh müqaviləsi, həm də Naxçıvanla quru yol əlaqəsinin bərpası önəmli gündəm olacaq.
Bu layihə Naxçıvan və Türkiyə arasında daha rahat əlaqə yaratmaqla yanaşı, Ermənistan üçün də logistik və iqtisadi baxımdan ciddi üstünlüklər yarada bilər. Bu isə Ermənistanın iqtisadi güclənməsinə və Paşinyanın apardığı siyasətin uğurlu görünməsinə şərait yarada bilər. Eyni zamanda dəhlizin açılması müharibənin sonlanması və sülh müqaviləsinin imzalanması istiqamətində müsbət nəticələrə səbəb ola bilər. Ərdoğan bu proseslərin həm Türkiyə, həm də regionun gələcəyi üçün böyük əhəmiyyət daşıdığını düşünür. Türkiyə bu gün artıq regionda əsas aktorlardan birinə çevrilib. "3+3" formatının işə düşməsi də göstərir ki, Türkiyə və digər region ölkələri Qərb və digər xarici təsirləri minimuma endirmək, regionda sabitliyi qorumaq və lokal münaqişələrin qarşısını almaq istəyirlər. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan region üçün son dərəcə vacibdir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31