Gümrüdəki baza və Cənubi Qafqazda gərginlik: İnformasiya savaşı yoxsa real təhdid? – ÖZƏL

Ermənistan-Ukrayna-Rusiya-Azərbaycan münasibətləri fonunda Gümrüdəki Rusiya hərbi bazasının gücləndirilməsi iddiaları gündəmdədir. Ukrayna bildirir ki, Rusiya bu qüvvələri Azərbaycana qarşı istifadə etmək üçün toplasa da, Ermənistan XİN bu iddianı təkzib edərək ərazisinin qonşulara qarşı hərbi əməliyyatlar üçün istifadə olunmayacağını bəyan edib.
Lakin Rusiya özü məsələ ilə bağlı susur. Bəzi ehtimallara görə, Moskva bu addımı Ermənistanın hazırkı hakimiyyətinə - xüsusilə də Baş nazir Nikol Paşinyana təzyiq göstərmək üçün ata bilər.

Ukraynanın bu iddiası informasiya müharibəsinin bir hissəsi ola bilərmi, yoxsa bölgədə real hərbi risklər yaranır? Azərbaycan üçün bu vəziyyət hansı ehtiyat tədbirlərini tələb edir?

"Cənubi Qafqazla bağlı ciddi informasiya savaşı mövcuddur və maraqlı dövlətlər bu regionla bağlı yalnız öz mənafelərinə uyğun informasiya yaymağa çalışırlar. Bu kontekstdə, bölgədə Azərbaycana qarşı hərbi risklərin mövcudluğunu tam istisna etmək olmasa da, bəzi dövlətlər - xüsusilə Ukrayna - bu riskləri şişirdərək qorxu və təşviş yaratmağa cəhd edirlər. Onlar hesab edirlər ki, Rusiya ilə Azərbaycan arasında qarşıdurmanın dərinləşməsi Ukraynanın maraqlarına uyğundur. Lakin rəsmi Bakı bu cür informasiya oyunlarına ciddi yanaşmır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki,  Azərbaycanın siyasi rəhbərliyi regionda baş verən və baş verə biləcək hadisələri düzgün analiz etmək qabiliyyətinə malikdir. Xarici qüvvələrin maraqları çərçivəsində yayılan informasiyalar Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Gümrüdəki Rusiya hərbi bazasına gəldikdə isə, bu bazadan Azərbaycana qarşı hərbi əməliyyatın aparılması ehtimalı, demək olar ki, real deyil. Çünki Azərbaycanın güclü, NATO standartlarına uyğun şəkildə qurulmuş ordusu var və Rusiya bazasındakı məhdud kontingentin Azərbaycanla hərbi qarşıdurmaya tab gətirməsi mümkün deyil.

Bundan əlavə, Azərbaycanın güclü və etibarlı strateji müttəfiqləri var. NATO-nun aparıcı üzvü olan Türkiyə Azərbaycanın qardaş və strateji tərəfdaşıdır. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və bu, təkcə Azərbaycana deyil, həm də Kreml daxil olmaqla, ona qarşı təcavüz niyyəti olan bütün qüvvələrə ciddi xəbərdarlıqdır.
Azərbaycanın digər strateji tərəfdaşı isə Pakistandır. Pakistan da daim Azərbaycanın yanında olub və onu açıq şəkildə dəstəkləyir. Bu baxımdan, Rusiya üçün Azərbaycanla qarşıdurmanı dərinləşdirmək nə hərbi, nə də siyasi baxımdan rasional seçim deyil. Bu məsələ, çox güman ki, yaxın günlərdə siyasi-diplomatik yollarla öz həllini tapa bilər.

E. Xalidbəylinin sözlərinə görə, Gümrüdəki Rusiya hərbi bazasının Paşinyan hakimiyyətinə qarşı istifadə olunması isə real ssenarilərdən biri hesab oluna bilər. Məlumatlara görə, Rusiyanın Ermənistanda hakimiyyət dəyişdirmə cəhdləri uğursuzluğa düçar olub. Bu səbəbdən Kreml növbəti mərhələdə Ermənistana qarşı birbaşa hərbi müdaxilə variantını gündəmə gətirə bilər. Çünki Ermənistan artıq Rusiyaya arxa çevirərək, Qərbə inteqrasiya yolunu seçib. Bu istiqamətin siyasi və diplomatik yollarla dəyişdirilməsi isə getdikcə mümkünsüz görünür. Əgər Kremlin məqsədi olan hakimiyyət dəyişikliyi siyasi yolla mümkün olmazsa, hərbi variant qaçılmaz ola bilər. Lakin bu cür müdaxilə həm regionda, həm də beynəlxalq miqyasda ciddi narazılıq və müqavimətlə qarşılaşacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31