Çin Müdafiə Nazirliyi: “Han Kuang” təlimləri Tayvanın birləşməsinin qarşısını ala bilməz” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin sözçüsü Jian Bin bildirib ki, Tayvanda keçiriləcək "Han Kuang" hərbi təlimləri Çin Xalq Azadlıq Ordusunu dayandıra bilməz və Tayvanla Çinin "qaçılmaz birləşməsi"nin qarşısını ala bilməz.

"'Han Kuang' təlimləri sadəcə blef və özünü aldatmaqdan başqa bir şey deyil. İstədikləri qədər silah işlədib müxtəlif manevrlər etsinlər, bu nə Xalq Azadlıq Ordusunun Tayvanın müstəqillik hərəkatına qarşı yönəlmiş iti qılıncını zəiflədə bilər, nə də tarixi birləşmə prosesini dayandıra bilər", - deyə Çin rəsmisi vurğulayıb.

İllik "Han Kuang" təlimləri 9-18 iyul tarixlərində Tayvanda keçiriləcək. Taipei Times nəşrinin yazdığına görə, təlimlərdə blokada, dəniz və hava hücumları, amfibiya çıxarma əməliyyatları kimi ssenarilər simulyasiya olunacaq.

Qeyd edək ki, Tayvan 1949-cu ildən etibarən öz yerli administrasiyası tərəfindən idarə olunur. Bu, Çin vətəndaş müharibəsində məğlub olan Çan Kay-şek rəhbərliyindəki qüvvələrin adaya çəkilməsi ilə başlanmışdı. Çin isə adanı öz ərazisinin bir hissəsi hesab edir və bu mövqe Rusiya da daxil olmaqla bir çox ölkə tərəfindən dəstəklənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31