“Ruttenin açıqlaması real təhlükə yox, psixoloji təzyiqdir” – Taleh Əliyev – ÖZƏL

NATO-nun baş katibi Mark Rutte Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi ilə bağlı səs-küylü açıqlama verib. O bildirib ki, əgər Çin lideri Si Tszinpin Tayvana qarşı hərbi əməliyyata başlayarsa və eyni vaxtda Rusiya Prezidenti Vladimir Putin NATO ərazilərinə hücum edərsə, bu, qlobal miqyasda ciddi müharibəyə səbəb ola bilər. Rutte bu ssenarini istisna etməyərək qeyd edib ki, belə risklərə qarşı NATO öz hərbi potensialını gücləndirməli, müdafiə büdcələri artırılmalıdır. Onun fikrincə, Alyans o qədər güclü olmalıdır ki, Rusiya belə bir hücumun mümkünlüyünü belə düşünməsin. Rusiya isə bu açıqlamaya sərt və təhqiramiz reaksiya verib. 

Maraqlıdır, Ruttenin Üçüncü Dünya müharibəsi ilə bağlı açıqlaması real təhlükədir, yoxsa psixoloji savaşın tərkib hissəsi?

"NATO Baş katibi Mark Ruttenin Çin və Rusiyanın birgə hərəkət edərək Üçüncü Dünya müharibəsini başlada biləcəyi barədə verdiyi açıqlama, reallıqdan daha çox psixoloji savaş elementi kimi qiymətləndirilməlidir. Burada, şübhəsiz ki, bu psixoloji təzyiq həm qarşı tərəfdə cavab xarakterli addımların artması baxımından, həm də NATO ölkələrində - xüsusilə kiçik Avropa dövlətlərində - hərbi büdcələrin artırılmasına yönəlmiş mesaj baxımından mühüm əhəmiyyət daşıyır".

Bu fikirləri mövzunu Olaylar.az-a şərh edərkən Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, Çin birbaşa müharibəyə qoşulmadan, müttəfiqləri vasitəsilə Qərblə qarşıdurmanı dərinləşdirməyə çalışır:

"Düşünmürəm ki, Çin Xalq Respublikası Rusiya Federasiyası ilə eyni vaxtda hərəkətə keçib, biri Tayvana, digəri NATO ərazilərinə hücum etsin. Hazırda daha sabit və təmkinli mövqe nümayiş etdirən Çin Xalq Respublikası çalışacaq ki, bu kimi hərbi qarşıdurmalara birbaşa qoşulmasın. Hətta Çin Xarici İşlər Nazirliyinin son açıqlamalarında qeyd olunurdu ki, Rusiya-Ukrayna cəbhəsində müharibənin uzanması ABŞ və onun müttəfiqlərinin diqqətini Uzaq Şərqdə Tayvan ətrafındakı proseslərdən yayındırır. Bu isə göstərir ki, Çin tərəfi sona qədər çalışacaq ki, özünü birbaşa iştirakçı kimi ortaya qoymadan, müttəfiqləri sayılan Rusiya və hətta İranın Qərblə və ABŞ ilə açıq hərbi qarşıdurmaya girməsinə nail olsun.
Əgər bu baş verərsə, Qərbin - xüsusilə ABŞ-nin - diqqəti Çinə yönəlməkdə çətinlik çəkəcək. Çünki Qərb eyni anda bir neçə cəbhədə hərbi münaqişə aparmaq imkanına sahib deyil. Əgər ABŞ və müttəfiqləri birbaşa Çin Xalq Respublikasına qarşı hərbi əməliyyatlara başlasa, bu halda Çin öz növbəsində Rusiya, İran, Pakistan və Şimali Koreya kimi digər müttəfiqlərinin də bu savaşda tərəf tutmasını istəyəcək".

Siyasi şərhçi bildirib ki, Rusiya Çinlə açıq müttəfiqliyə getməkdənsə, neytrallıq saxlayaraq Qərblə münasibətləri normallaşdırmağa çalışacaq.

"Bu mənzərə bizə yaxın keçmişdəki 12 günlük İran-İsrail-ABŞ müharibəsini xatırladır. Həmin dövrdə də Rusiya, müharibənin Ukrayna cəbhəsində ona fayda verməsinə baxmayaraq, birbaşa iştirak etmədi. Əgər Çinlə bağlı da belə bir müharibə ssenarisi reallaşarsa, mən düşünmürəm ki, Rusiya Çinə açıq hərbi dəstək verərək Avropanı hədəf alacaq. Əksinə, bu proseslərdən istifadə edərək Rusiya çalışacaq ki, neytrallığını qoruyub Qərblə münasibətləri normallaşdırsın, iqtisadi və siyasi çöküşünün qarşısını alsın.
Bu səbəbdən NATO Baş katibi Mark Ruttenin açıqlaması daha çox hərbi-psixoloji mübarizənin bir hissəsi kimi dəyərləndirilməlidir. Reallıqdan daha çox strateji təzyiq vasitəsi kimi ortaya qoyulan bu fikir, hərbi və siyasi manevrlər üçün zəmin yaratmağa yönəlib".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31