Rusiya bu reallığı nəzərə almalıdır- ÖZƏL
15:16 Siyasət"Konstantin Zatulinin bu fikri, zahirən münasibətlərin düzəlməsində maraqlı olduqlarını göstərmək məqsədi daşıyır. Lakin eyni zamanda, Azərbaycanda ruslara qarşı təhlükə olduğunu iddia etməkdən də çəkinmir."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Əslində, bu yanaşma ilə yenə də Azərbaycanı hədəf alır, ölkəmizi gözdən salmağa, yalan məlumatlar əsasında müxtəlif sahələrdə çətin vəziyyətə salmağa çalışır.Biz hamımız bu ölkədə yaşayırıq və görürük ki, Azərbaycanın rus millətindən olan vətəndaşları ilə bağlı heç bir problem yoxdur. Hətta Rusiyadan bura gələn vətəndaşlar da heç bir çətinliklə üzləşmir. Azərbaycanda Rusiya vətəndaşlarına və rus millətindən olan şəxslərə qarşı qanunsuz hərəkətlərə və ya barmaqarası münasibətə dair hər hansı fakt yoxdur.
Bundan əlavə, yaxın günlərdə münasibətlərdə müşahidə olunan gərginlik fonunda Rusiyanın Azərbaycandakı səfirliyi heç bir dəlil, sübut və fakta əsaslanmadan məlumat yaydı ki, guya ruslara qarşı basqılarla bağlı səfirliyə çoxsaylı müraciətlər daxil olub. Ancaq bu iddiaların heç birini konkret faktla təsdiq edə bilmirlər. Sadəcə olaraq, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır və Zatulin də bunu fərqli formada davam etdirir.
Fikrimcə, Rusiya-Azərbaycan münasibətlərinin normallaşmasının açarı Moskvanın əlindədir. Əgər onlar özlərini düzgün aparsalar, qanun çərçivəsində hərəkət etsələr, səhvlərinə görə üzr istəsələr, Azərbaycan tərəfinin hər hansı problemi qalmaz. Azərbaycan özünə hörmət edən dövlətdir və vətəndaşlarını, soydaşlarını ölkə xaricində belə qorumağı bacarır. Rusiya bu reallığı nəzərə almalıdır. Əgər nəzərə almasa, münasibətlərin pisləşməsinin səbəbini özündə axtarmalıdır. Azərbaycan heç kimlə, o cümlədən də Rusiya ilə pis münasibətlərin tərəfdarı deyil."
İbrahim Məmmədli