Bəhruz Quliyev: “Tək cinayət faktı ilə bütün etnosu hədəfə almaq siyasi texnologiyadır” – ÖZƏL
12:58 SiyasətRusiyanın Tver vilayətində saxta içki və qanunsuz tütün məhsullarının dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə ifşa olunub. Rəsmi məlumata görə, dəstənin təşkilatçısı və 8 üzvü saxlanılıb. Onların 2022-2025-ci illərdə qeydiyyatsız, markasız spirtli içki və tütün məhsulları satdığı müəyyən edilib. Saxlanılanlar arasında Azərbaycan əsilli şəxslərin də olduğu bildirilir.
Bu cür hadisələr Rusiyada yaşayan azərbaycanlıların imicinə necə təsir göstərir və bu, ikitərəfli münasibətlərdə hansı siyasi rezonans doğura bilər? Kreml bunu daha geniş siyasi məqsədlər üçün istifadə edə bilərmi?
"Rusiyanın Tver vilayətində baş verən və Azərbaycan əsilli şəxslərin adının hallandığı cinayət işi ətrafında yaradılan informasiya fonu, təəssüf ki, təkcə hüquqi müstəvini aşaraq, artıq ictimai və siyasi kontekstdə qiymətləndirilməyə başlanılıb. Əvvəla, istənilən ölkədə baş verən hüquqazidd hadisələrin araşdırılması və günahkarların müəyyən olunması - hüquq-mühafizə orqanlarının və məhkəmə instansiyalarının səlahiyyətidir. Amma bu cür hadisələrin mediada məqsədli şəkildə qabardılması və konkret etnik qrupların üzərinə kölgə salınması - artıq hüquqi yox, siyasi texnologiyadır."
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert əlavə edib ki, Azərbaycanlıların imicinə zərbə cəhdləri yeni deyil. Təəssüf ki, Rusiyada azərbaycanlı diasporunun artan nüfuzu, iqtisadi sahədəki uğurları və yerli ictimaiyyətlə inteqrasiya səviyyəsi bəzən müəyyən dairələrdə narahatlıqla qarşılanır. Belə hallarda kriminal xarakterli hadisələrdən istifadə olunaraq bütünlükdə bir etnosun ünvanına ittihamlar yönəldilir.
Kreml bu məsələni daha geniş siyasi məqsədlər üçün istifadə edə bilərmi? Bu, mümkündür. Çünki tarix boyu Kremlin daxili ictimai rəy formalaşdırmaq üçün etnik azlıqların adını hallandırmaq taktikasına əl atdığı nümunələr az olmayıb. Xüsusən də, iki ölkə arasında müəyyən gərginliklər fonunda bu cür informasiyalar "içəridə" cəmiyyətin diqqətini yayındırmaq üçün istifadə edilə bilər. Bu, eyni zamanda Azərbaycanın regionda güclənən mövqeyinə və milli maraqlarına qarşı dolayı təzyiq aləti kimi də işə yaraya bilər.
Ekspert bildirib ki, Azərbaycan tərəfi belə hallarda qətiyyətli və prinsipial mövqe sərgiləməli, hər bir soydaşının hüquqlarını beynəlxalq və ikitərəfli mexanizmlər çərçivəsində müdafiə etməlidir. Dövlətimizin son illərdə diaspor siyasətində atdığı addımlar bu istiqamətdə möhkəm təməl yaradıb. Tverdə baş verən bu hadisə lokal kriminal fakt olaraq araşdırılmalı, amma bundan bütünlükdə Azərbaycan xalqının, xüsusilə Rusiyada yaşayan milyonlarla soydaşımızın ünvanına hücum üçün istifadə olunmasına imkan verilməməlidir. Hər millətin içində cinayət edən fərdlər ola bilər, amma bu fərdlərin əməlləri heç zaman bir xalqın imicinə kölgə sala bilməz. Bu, həm də medianın məsuliyyəti və vicdan məsələsidir.
Səidə Ramazanova