Zeynal Əmrəliyev: “Rusiya miqrantlardan və rus dilindən təzyiq vasitəsi kimi istifadə edir” – ÖZƏL

Rusiya, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində rus dilinin məhdudlaşdırılmasını "rusdilli əhalinin hüquqlarının pozulması" kimi qiymətləndirərək, bu ölkələrə qarşı sanksiya paketi hazırlayır. Kreml tərəfindən təklif olunan tədbirlər arasında viza rejiminin tətbiqi, pul köçürmələrinə məhdudiyyətlər, əmək kvotaları və rus şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələrin dayandırılması kimi addımlar yer alır. Sanksiyalar əsasən Tacikistan, Özbəkistan, Qırğızıstan və Cənubi Qafqaz ölkələrini əhatə edir. Bundan əlavə, Rusiya sərhədyanı hərbi təlimlər və humanitar müdaxilə ssenarilərini də gündəmə gətirib.

Maraqlıdır, bu cür addımlar bölgədə yeni bir geosiyasi gərginlik dalğasına səbəb ola bilərmi və bu ssenari nə qədər real görünür?

"Rusiya keçmiş postsovet ölkələrinə qarşı iqtisadi təzyiq məsələlərini mütəmadi olaraq gündəmə gətirir. Bu, həmin ölkələrdən olan miqrantların Rusiya ərazisində işləməsi və ticarətlə məşğul olması ilə bağlıdır. Məhz bu amil Rusiyaya əlavə təsir imkanları verir. Hər dəfə də Rusiya bu mexanizmdən istifadə edərək həmin ölkələrə təzyiq göstərmək üçün bu siyasəti davam etdirir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, Rusiya postsovet ölkələrinin siyasətinə təsir etmək üçün miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir:

"Əgər hansısa postsovet ölkəsi Rusiyanın maraqlarına uyğun olmayan addımlar atırsa və onun siyasətini qəbul etməyəcək şəkildə davranırsa, Moskva dərhal həmin ölkədən olan miqrantların sıxışdırılması prosesinə başlayır. Bu, əlbəttə ki, yolverilməz addımdır və faktiki olaraq beynəlxalq hüququn prinsiplərinin pozulması deməkdir. 
Digər tərəfdən, Rusiyanın özü də iqtisadi baxımdan həmin miqrantlardan asılıdır. Çünki onlar Rusiyada ucuz işçi qüvvəsi rolunu oynayırlar. Bu miqrantların sıxışdırılması və ya ölkədən birdəfəlik çıxarılması Rusiyanın özündə ciddi sosial-iqtisadi problemlər yarada bilər. Moskva bunu da nəzərə alır və əsasən yumşaq güc siyasətindən istifadə etməyə çalışır".

Siyasi şərhçi bildirib ki, Rusiya rus dilindən təzyiq vasitəsi kimi istifadə etsə də, postsovet ölkələri bunu daxili işlərinə müdaxilə kimi qəbul edir və getdikcə daha çox etiraz edirlər.

"Rus dili məsələsinə gəldikdə isə, Rusiya bunu guya rusdilli əhalinin hüquqlarını qorumaqla əsaslandırmağa çalışır. Ancaq unutmaq olmaz ki, rus dili beynəlxalq statuslu dillərdən biridir və dünyanın müxtəlif yerlərində milyonlarla insan bu dildə danışır. Eynilə ingilis, çin və ərəb dilləri də beynəlxalq dillərdir. Lakin heç bir ölkə - nə Çin, nə İngiltərə - bu dillərdə danışanların hüquqlarını müdafiə edəcəyi barədə başqa ölkələrin daxili işlərinə müdaxilə etmir.
Dil məsələsi istənilən ölkənin daxili işidir və Rusiyanın bu sahəyə qarışması, xüsusilə də keçmiş sovet ölkələrinə bu yöndə təzyiq göstərməsi absurddur. Rusiya çalışır ki, rusdilli əhalini elə təqdim etsin, sanki onlar Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu, əlbəttə ki, qəbulolunmaz yanaşmadır və doğru deyil.
Artıq görünür ki, postsovet ölkələri bu cür təzyiq rıçaqlarını qəbul etmir. Çünki həmin ölkələrdə Rusiyanın bu cür davranışlarına qarşı ciddi ictimai etirazlar mövcuddur".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31