Prezident İlham Əliyev: Azərbaycan həmişə haqq-ədalətin tərəfdarı olub
4 İyul 19:09 SiyasətAzərbaycan həmişə haqq-ədalətin tərəfdarı olub.
Olaylar xəbər verir ki, bunu iyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşündə deyib.
Məsud Pezeşkianın bu ilin aprelində ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını qeyd etdi.
Dövlətimizin başçısı İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən qınanıldığını bildirdi. Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırdı, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.