“Azərbaycan öz hüquqlarını sonadək müdafiə etməkdə israrlıdır” – Ramiyə Məmmədova – ÖZƏL
18:55 SiyasətXankəndidə bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısı keçirilib. Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin regional əməkdaşlıq siyasəti, işğaldan sonrakı bərpa prosesi və humanitar məsələlərə dair mühüm fikirlər səsləndirib. Dövlət başçısı çıxışı zamanı Ermənistanın uzunmüddətli işğalı nəticəsində Azərbaycana 150 milyard dollardan artıq zərər vurduğunu bildirib. Prezident, eyni zamanda, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinin və təmin edilməsinin prioritet məsələ olduğunu vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a danışıb. O qeyd edib ki, Azərbaycanın təzminat tələbi təkcə Ermənistana deyil, işğal dövründə Qarabağda qanunsuz fəaliyyət göstərən xarici şirkət və dövlətlərə də yönəlib:
"Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə həm maddi, həm də mənəvi ziyanlar dəyib. Bu, dəfələrlə vurğulanıb. Ermənistanın Qarabağ ərazisində həyata keçirdiyi işğal nəticəsində:
• Oradakı sərvətlər talan edilib,
• Yeraltı təbii resurslardan qanunsuz istifadə olunub və bu resursların satışı həyata keçirilib,
• Bütün infrastruktur dağıdılıb,
• Tarixi və memarlıq abidələri məhv edilib və ya izsiz şəkildə yox edilib.
Bütün bu faktları nəzərə alaraq, Ermənistanın Azərbaycana vurduğu ziyanların miqyası son dərəcə böyükdür. Bu baxımdan, Prezident tərəfindən bu məsələlərin qətiyyətlə və bir mənalı şəkildə gündəmə gətirilməsi, Azərbaycanın Ermənistandan təzminat tələb etdiyinin açıq göstəricisidir.
Eyni zamanda, bu təzminat tələbi təkcə Ermənistanla məhdudlaşmır. Qarabağda qeyri-qanuni yollarla qazanc əldə edən xarici şirkətlərin və dövlətlərin də bu məsuliyyəti daşıdığı bildirilir. Necə ki, onlar həmin ərazilərdə qanunsuz fəaliyyətlə məşğul olub, satış həyata keçirib, qazanc əldə ediblərsə, bu gün həmin maddi və mənəvi ziyanların ödənilməsi məsələsi ortadadır. Bu baxımdan, təzminatın yalnız Ermənistandan deyil, eyni zamanda onun havadarlarından - yəni, bu işğal və talan prosesində iştirak etmiş şirkət və ölkələrdən birgə şəkildə alınması nəzərdə tutulur. Azərbaycanın beynəlxalq məhkəmələrə müraciəti də məhz buna xidmət edir".
Siyasi şərhçi bildirib ki, Azərbaycan Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı və hüquqlarının bərpası uğrunda mübarizəni qətiyyətlə davam etdirir.
"Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması məsələsi də gündəmdədir. Bildiyiniz kimi, hazırda bu istiqamətdə mübarizə aparılır. Vaxtilə Ermənistan ərazisində yaşamış və zorla çıxarılmış azərbaycanlıların - bizim soydaşlarımızın - öz yurd-yuvalarına geri dönməsi, hüquqlarının bərpası məsələsi də Azərbaycanın qarşıya qoyduğu əsas tələblərdəndir. Bu məsələlər beynəlxalq səviyyədə də gündəmə gətirilir. Prezidentin çıxışları göstərir ki, Azərbaycan öz hüquqlarını sonadək müdafiə etməkdə israrlıdır və bu hüquqlardan geri çəkilmək niyyətində deyil. Bu, həm Ermənistanın vurduğu ziyanlara görə təzminat tələbi baxımından, həm də öz doğma torpaqlarından didərgin salınmış soydaşlarımızın hüquqlarının bərpası baxımından önəmlidir. O insanlar ki, öz ana yurdlarından, ev-eşiyindən didərgin düşüblər, onların əmlakı, mal-mülkü, hər biri nəzərə alınmalı və bu zərərin qarşılığı ödənilməlidir".
Ramiyə Məmmədovanın sözlərinə görə, bu çıxışlar eyni zamanda bir ismarıcdır. Regionda baş verən son hadisələr kontekstində, məsələn, Rusiya tərəfindən Azərbaycanın hərbi təyyarəsinin vurulması ilə bağlı da hələlik təzminat alınmayıb. Bu da bir mesajdır ki, Azərbaycan bundan sonra da beynəlxalq hüquq normalarına əsaslanaraq öz hüquqlarını tələb edəcək və bu hüquqların təmin olunmasına çalışacaq. Təbii ki, bu məsələdə beynəlxalq ictimaiyyət də adekvat mövqe sərgiləməlidir. Eyni zamanda, əvvəllər Ermənistanda qanunsuz fəaliyyət göstərmiş şirkətlər və ölkələr anlamalıdırlar ki, Azərbaycan bu təzminat məsələsini gündəmdə saxlayacaq və daim beynəlxalq müstəvidə qaldıracaq.
Səidə Ramazanova