“Azərbaycanın ABŞ ilə texnoloji və iqtisadi əməkdaşlığı strateji əhəmiyyət daşıyır” – Əli Mustafa – ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Müstəqillik Günü münasibətilə prezident Donald Trampa təbrik məktubu göndərib. Dövlət başçısı məktubda Azərbaycan ilə ABŞ arasında dostluq və tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. İlham Əliyev enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və infrastruktur layihələri sahəsində əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib. O, iqtisadiyyat, yüksək texnologiyalar və nəqliyyat kimi istiqamətlərdə münasibətlərin genişlənməsi üçün böyük imkanların mövcud olduğunu bildirib. Prezident, həmçinin gələcəkdə  Azərbaycan-ABŞ əlaqələrinin daha da inkişaf edəcəyinə inamını ifadə edib və Amerika xalqına rifah və əmin-amanlıq diləklərini çatdırıb.

"Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, siyasi və sosial sahələrdə çoxşaxəli əməkdaşlıq uzun illərdir davam edir. Xüsusilə enerji təhlükəsizliyi və yeni texnologiyalar sahəsində əlaqələr diqqətəlayiqdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın yüksək texnologiyalar və enerji sahəsində ABŞ ilə əməkdaşlığı strateji inkişaf və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu əməkdaşlıq yeni məsələ deyil - Xəzər dənizinin karbohidrogen ehtiyatlarının işlənməsi ilə bağlı ABŞ və Azərbaycan arasında uzunmüddətli, qarşılıqlı faydalı tərəfdaşlıq mövcuddur. Bundan əlavə, enerji layihələrinin, o cümlədən qaz və neft kəmərlərinin çəkilişi və təhlükəsizliyinin təmin olunmasında da iki ölkə arasında sıx əməkdaşlıq aparılır. Bu gün isə dünya yeni mərhələyə qədəm qoyur və yüksək texnologiyalar əsas inkişaf istiqamətinə çevrilir. ABŞ bu sahədə dünyanın aparıcı dövlətlərindən biridir və texnoloji, eləcə də hərbi baxımdan güclü potensiala malikdir.
Məhz bu səbəbdən, Azərbaycanın yüksək texnologiyalar sahəsində ABŞ ilə əməkdaşlığı genişləndirməsi böyük əhəmiyyət daşıyır. Son illərdə ölkəmizdə sənaye infrastrukturu inkişaf edir, xüsusilə müdafiə sənayesi və yaşıl enerji sahəsində yeni layihələr həyata keçirilir. Bu prosesdə isə ABŞ-nin qabaqcıl texnologiyalarına ehtiyac duyulur".

Siyasi şərhçi bildirib ki, Azərbaycan ABŞ ilə texnologiya, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirməklə həm iqtisadi inkişafı, həm də regional sabitliyi gücləndirməkdə maraqlıdır.

"Hazırda iqtisadiyyat və sənaye elə bir mərhələyə çatıb ki, yeni sahələrin formalaşması və rəqabətqabiliyyətli inkişaf yalnız müasir texnologiyaların və süni intellektin tətbiqi ilə mümkündür. Bu baxımdan ABŞ-nin potensialı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ABŞ ilə yüksək texnologiyalar və ticarət sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Bu əməkdaşlıq həm Azərbaycanın, həm də ABŞ-ın maraqlarına cavab verir. Xüsusilə ticari-iqtisadi əlaqələrin dərinləşməsi ABŞ-nin bölgədəki mövqelərini gücləndirir, eyni zamanda Rusiya və İran kimi digər regional güclərin təsir imkanlarını məhdudlaşdırır. Bundan başqa, Zəngəzur dəhlizi və digər regional logistika layihələri də ABŞ üçün strateji əhəmiyyət daşıyır. ABŞ bayramları və rəsmi münasibətlər zamanı Azərbaycanın xoş niyyətlərini qəbul etməklə yanaşı, iki ölkə arasında əməkdaşlıq potensialının yüksək olduğunu da nəzərə alır.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı investisiya imkanları mövcuddur. ABŞ hər zaman investisiyanı prioritet sahələrdən biri kimi qəbul edib və bu baxımdan Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar yaranır. Azərbaycan tərəfi öz xoş niyyətini ifadə edərək ABŞ ilə iqtisadi-siyasi əlaqələrin daha da genişləndirilməsini və dərinləşdirilməsini arzu edir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31