Xankəndi tarixinin yeni səhifəsini yazır- ÖZƏL
16:15 Siyasət"Dünyanın diqqəti Qarabağdadır. Növbəti mühüm tədbirə ev sahibliyi edən azad Qarabağımız son beş ildə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini beynəlxalq ictimaiyyətə təqdim edir. Artıq bu gün paytaxt Bakı ilə yanaşı, azad edilmiş ərazilərimizin də beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Azad Qarabağımız və Şərqi Zəngəzurumuz xoşbəxt günlərini yaşayır. Tarixinin yeni səhifəsini yazan Xankəndi ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarını qəbul edir. Qonaqları bu məkanda qarşılamaq, onlara bu torpaqlarımızın malik olduqları imkanları, tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra görülən işləri təqdim etmək qürurvericidir. Dövlət başçısı İlham Əliyevin iyulun 3-də Qarabağa səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ötən bu dövr ərzində həyata keçirilən bərpa-quruculuq tədbirlərinin miqyası barədə daha aydın təsəvvür yaranır. Cənab İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılış mərasimində iştirak etdi. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu, Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışında iştirak etdi, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan "Businesstex JV" tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir".