Gərginliyin əsas və həlledici səbəbkarı məhz Rusiyadır- ÖZƏL
15:38 Siyasət"Zaxarovanın son açıqlamaları, əslində, Rusiyanın ikibaşlı qartal simvolu ilə üst-üstə düşən ikili siyasətini xarakterizə edir. Amma bu simvolika ilə bu siyasəti əsaslandırmaq və ya izah etmək yanlışdır. Çünki bir tərəfdən Rusiya rəsmiləri bildirirlər ki, Azərbaycan Rusiya üçün dost ölkədir, digər tərəfdən isə Rusiyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Azərbaycandakı guya "gərgin vəziyyət" səbəbindən səfərlərdən çəkinməyə çağırır."
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda məlum olur ki, Rusiyada bəzi Azərbaycan media qurumlarına və saytlarına giriş məhdudlaşdırılıb. Bu isə Azərbaycana qarşı məqsədyönlü informasiya blokadası və təzyiq kampaniyasının davam etdiyini göstərir. Həmçinin Rusiyada yaşayan azərbaycanlılara və digər milli azlıqlara qarşı ayrı-seçkilik halları artmaqdadır. Bütün bu faktların fonunda Zaxarovanın verdiyi açıqlamalar məntiqsiz və qeyri-ciddi görünür.
Bəli, bu, onu göstərir ki, hazırda Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik mövcuddur. Bu gərginliyin əsas səbəbi isə Rusiyanın Cənubi Qafqazda öz imperiya maraqlarını qoruyub saxlamağa çalışmasıdır. Moskva hələ də post-sovet məkanını öz "arxa baxçası" hesab edir və burada yerləşən suveren dövlətlərə müxtəlif təzyiq alətləri ilə təsir göstərmək istəyir.
Bundan əlavə, Rusiyanın öz daxilində də etnik zəmində diskriminasiya hallarının artması müşahidə olunur. Bu, danılmaz faktdır və bunu etiraf etmək lazımdır. Hətta yaxın zamanlarda Rusiya Milli Azlıqlar üzrə Federal Fondunun təqdim etdiyi "Rusiya 2036" adlı strateji sənəddə də qeyd olunub ki, miqrant keçmişi olan Rusiya vətəndaşları ölkə üçün potensial təhlükə kimi qiymətləndirilir. Bu yanaşma, faktiki olaraq, Rusiya vətəndaşlarını iki yerə ayırır: köklü ruslar və keçmiş miqrantlar. Bu isə açıq-aşkar diskriminasiyanın təzahürüdür.
Eyni zamanda, Rusiyanın Cənubi Qafqazda öz nüfuz dairəsini genişləndirmək cəhdləri, Azərbaycanın isə müstəqil siyasət yürütməsi Moskva tərəfindən həzm edilmir. Bu məqam da iki ölkə arasında münasibətlərin kəskinləşməsində mühüm rol oynayır. Yəni, gərginliyin əsas və həlledici səbəbkarı məhz Rusiyadır."
İbrahim Məmmədli