İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndiyə səfər edib. Dövlət başçısı səfər çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.
Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.

Prezident İlham Əliyev həmçinin  Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və "Ağdam-Xankəndi dəmir yolu" layihəsi barədə məlumat veriblər. Bildirilib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam-Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.
Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.
 Ardınca dövlət başçısı Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş edib.
Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirib. Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulanıb. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31