Xankəndi sammiti həm rəmzi, həm də siyasi baxımdan ciddi əhəmiyyət daşıyır və dünyaya mesaj verir- ÖZƏL

"Ümumilikdə bu tədbirin Xankəndidə keçirilməsi artıq özü böyük bir hadisədir, çünki İqtisadi Əməkdaşlıq Təşkilatı ilk dəfə olaraq burada toplaşır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Yeri gəlmişkən qeyd edim ki, əvvəllər Türk dövlətlərinin rəhbərlərinin Qarabağda, xüsusilə də Şuşada görüşləri və ya ayrı-ayrı səfərləri olub. Lakin bu qədər geniş tərkibli nümayəndə heyətinin Qarabağda belə bir toplantısı ilk dəfə keçirilir. Üstəlik, bu toplantının Qarabağın mərkəzi olan Xankəndidə baş tutması həm rəmzi, həm də siyasi baxımdan ciddi əhəmiyyət daşıyır və dünyaya bir mesaj verir.

Eyni zamanda, bu toplantının Azərbaycan-Rusiya münasibətləri fonunda, həmçinin İran-İsrail müharibəsindən dərhal sonra keçirilməsi təbii ki, beynəlxalq ictimaiyyətin diqqətini bu bölgəyə yönəldəcək. Çünki bu məsələlərin də müzakirəyə çıxarılması dünya ictimaiyyəti tərəfindən gözlənilir. Biz də bu gözlənti içindəyik. Yəni, İran-İsrail münasibətləri, ümumilikdə Yaxın Şərqdəki vəziyyət, eləcə də Rusiyanın Azərbaycana qarşı atdığı aqressiv addımların bu toplantıda müzakirə ediləcəyi ehtimal olunur.

Mən düşünürəm ki, toplantının sonunda bu məsələlərlə bağlı ayrıca bəyanat da qəbul edilə bilər. Bu baxımdan, Xankəndidə belə nüfuzlu bir tədbirin keçirilməsi və Azərbaycanın ev sahibliyi etməsi olduqca diqqətəlayiqdir. Hər halda, bu gün və sabah baş verəcək hadisələri izləməliyik. Nəticələr ortaya çıxdıqdan sonra əlavə şərhlər də olacaq." 

İBRAHİM  MƏMMƏDLİ

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31