İki qardaş və müttəfiq ölkə arasında əlaqələr daha da dərinləşəcək- ÖZƏL

"Azərbaycan və Özbəkistanın dövlət başçılarının  birgə bəyanatları ondan xəbər verir ki, hər iki qardaş və müttəfiq ölkə arasında əlaqələr daha da dərinləşəcək. Hazırda  Azərbaycanda aşağıdan tutmuş ən yüksək səviyyəyədək Özbəkistana  ayrıca bir yanaşma var ki, bunu  cənab Mirziyoyev də qeyd etdi. Açığı, biz qarşı tərəfdən də həmişə eyni istiliyi və doğmalığı görmüşük, görürük". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: " Cənab İlham Əliyevin bu açıqlamasında yer alan faktlar da elə məhz həmin doğmalığın göstəricisidir: "Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.
Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk". 
Ciddi çağırışlarla üzləşdiyimiz bu günlərdə Özbəkistan Prezidentinin bu açıqlamasının nə anlam daşıdığı isə yəqin  hər kəsə aydındır: " Bu gün biz danışıqlarda bütün məsələləri - beynəlxalq, regional, ikitərəfli, həssas məsələləri müzakirə etdik. Çünki bugünkü qeyri-sabit dünyada məsləhətləşmək, fikir mübadiləsi aparmaq lazımdır. Məmnuniyyətlə demək istəyirəm ki, ciddi məsələlər üzrə fikirlərimiz üst-üstə düşür. Biz bu fikirləri bütün platformalarda irəli aparacağıq, çünki bu gün birləşməli, Azərbaycan və Özbəkistan xalqları üçün vacib olan məsələləri həll etməliyik". Bəli, zaman birləşmək, problemləri birgə çözmək, çağırışların öhdəsindən çiyin-çiyinə gəlmək zamanıdır və bu təkcə Azərbaycanla Özbəkistan deyil, digər qardaş dövlətlər üçün də keçərlidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31