Azərbaycan Özbəkistanın Qərbə çıxışında mühüm rol oynayacaq- ÖZƏL
10:05 Siyasət"Türk dünyası baxımından tarixi bir gün yaşandı. Cənab Prezidentimiz İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev bir sıra mühüm sənədlər imzaladılar, qardaş dövlətin Bakıda səfirliyinin binasını açdılar, "Özbəkistan" parkının əsasını qoydular". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Dövlət rəhbərlərinin mətbuat üçün bəyanatlarında həm iki ölkə, həm də türk dünyasının gələcəyi nöqteyi-nəzərindən vacib fikirlər səsləndirildi. Dövlət başçımız çıxışında birincisi, iki qardaş ölkə arasında münasibətlərin strateji, müttəfiqlik xarakteri daşıdığını vurğuladı. Dövlətlərimiz müttəfiqlik münasibətlərini beynəlxalq aləmdə də əməlləri ilə göstərirlər.
İkincisi, Xəzər dənizi və Azərbaycan qarşıdakı illərdə qardaş ölkənin Qərb istiqamətində çıxışında daha mühüm rol oynayacaqdır. Cənab Prezidentimizin çıxışında dediyi aşağıdakı fikirlər bir neçə ilə sonra bütövlükdə baş verəcək geosiyasi və geoiqtisadi dəyişikliklərin müjdəçisidir: "Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır". Bu fikirlər bir türk dünyasının rolunun artacağını göstərir. Azərbaycan bütün Mərkəzi Asiya və Qərb arasında yolda şah damarı olacaqdır.
Üçüncüsü, işğaldan azad edilmiş Qarabağın bərpasına öz təşəbbüsü ilə dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk liderdir. Özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəb tikilib istifadəyə verilib. Mirzə Uluqbəy özbək qardaşlarımızın dediyinə görə, bir neçə il Qarabağda yaşayıb. Qardaşımızın köməyi ilə Xankəndidə 200-dən çox insanın işlədiyi tikiş fabriki yaradılıb.
Nəhayət, cənab Prezidentimiz qardaş Özbəkistan yığma komandasının dünya çempionatına çıxması münasibətilə təbrik etdi. Bu, bir daha onu göstərir ki, qardaşların hər bir uğuru bütün türk dünyasının uğurudur".
Alim