İqtisadçı: “Rusiya öz aqressiyası ilə iqtisadiyyatını çökdürür”- ÖZƏL

Son günlər Azərbaycan və Rusiya arasında diplomatik gərginlik hiss olunur. Rusiyada azərbaycanlıların öldürülməsi və kütləvi həbslər, eyni zamanda azərbaycanlılara qarşı sərt münasibət Rusiyanın ikili siyasətinin əsas göstəricisidir. 
Bəs Azərbaycanla əlaqələrin kəsilməsi fonunda Rusiya iqtisadi cəhətdən nələri itirə bilər? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Olaylar.az-a açıqlama verib:

" Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməsi hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan vuracaq. Məsələn, bir tərəfdən Azərbaycandan ixrac olunan məhsullara əngəllər törədilə bilər, digər tərəfdən isə ölkə daxilində yaşayan azərbaycanlı miqrantların həbsi və təqibi, Azərbaycana göndərilən pul baratlarının azalmasına səbəb olacaq.
Eyni zamanda bu məsələdə Rusiya da zərər görəcək. Çünki Rusiya iqtisadiyyatının əsas işçi qüvvəsini miqrantlar təşkil edir. Bu miqrantların arasında azərbaycanlılar önəmli yer tutur.
Azərbaycanlı əmək miqrantlarının bu cür əngəllənməsi, həbsi, təqib olunması, hətta gələcəkdə - baxmayaraq ki, onların çoxu Rusiya vətəndaşıdır və deportasiya olunmaları mümkün deyil - deportasiya ilə hədələnməsi ciddi məsələdir. Amma Rusiyada nə desən, mümkündür.
Bütün bu hallar artıq Rusiya iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb. Məsələn, meyvə-tərəvəz məhsulları Rusiyada son bir ayda dəfələrlə bahalaşıb. Bu isə həmin vəziyyətin ilk nəticələrindən biridir.
Bazarlarda işləyən azərbaycanlılar ya artıq başqa işlərlə məşğuldurlar, ya həbs olunublar, ya da öldürülüblər. Öldürülənlərin yaxınlarının cənazənin gətirilməsi ilə bağlı gördüyü işlər də əlavə problemlər yaradır. Yəni insanlar gündəlik işlərini davam etdirə bilmirlər.
Bu da ölkədə qiymətlərin artmasına gətirib çıxarır.
Bahalaşma sonda sosial partlayışa səbəb olacaq. Rusiyanın bu aqresseiv hərəkəti özü özünü cəzalandıracaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31