İki ölkə arasındakı dostluğa qarşı yönəlmiş sabotaj- ÖZƏL
2 İyul 11:13 Siyasət"Yekaterinburq şəhərində son günlərdə Azərbaycan diaspor üzvlərinə qarşı müşahidə olunan təxribat xarakterli davranışlar və təzyiqlər ciddi narahatlıq doğurur. Sosial şəbəkələrdə yayılan görüntülərdə azərbaycanlı gənclərə qarşı qeyri-obyektiv münasibət və bəzi radikal qrupların yönləndirdiyi təxribatçı çağırışlar ictimaiyyətin haqlı qınağına səbəb olub". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov deyib: "Rusiyada yaşayan milyonlarla soydaşımız sülhsevər, əməksevər və cəmiyyətə inteqrasiya olunmuş insanlardır. Azərbaycan diasporu Rusiya Federasiyasının çoxmillətli ailəsinin ayrılmaz bir hissəsi olaraq, uzun illərdir həm iki ölkə arasında körpü rolu oynayır, həm də cəmiyyətə faydalı vətəndaş mövqeyi nümayiş etdirir.
Mövcud gərginliyin bəzi qaranlıq dairələrin məqsədli informasiya təxribatı və milli zəmində qarşıdurma yaratmaq cəhdi olduğu qənaətindəyik. Azərbaycan ictimaiyyəti bu cür hallara biganə yanaşmamalı, rəsmi dairələr isə məsələni diqqətlə araşdırmalıdır. Azərbaycan və Rusiya strateji tərəfdaş ölkələrdir. Bu münasibətlərin zədələnməsi üçün edilən istənilən cəhd, əslində iki ölkə arasındakı dostluğa qarşı yönəlmiş sabotajdır. Biz əminik ki, Rusiya dövləti hüquq mühafizə orqanları vasitəsilə baş verən bu xoşagəlməz hadisələrin qarşısını alacaq, günahkarlar qanun qarşısında cavab verəcək".