Azərbaycanın enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir- ÖZƏL
13:39 Siyasət"Azərbaycanın enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. "8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji ehtiyatlarını artırmaqla yanaşı, enerji təminatının fasiləsizliyini və dayanıqlılığını təmin edir. Bu stansiyanın mövcudluğu və funksionallığı ölkəmizin enerji sisteminin müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: ""8 Noyabr" stansiyası yüksək effektivliyi sayəsində enerji istehsalında təbii qaz sərfiyyatını minimuma endirir. Bu faktor ölkəmizin ekoloji siyasətinə uyğun olaraq karbon emissiyalarını azaltmağa imkan verir və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən ekoloji dayanıqlılıq hədəflərinə uyğun gəlir. 2030-cu ilə qədər qarşıya qoyulan 6500 meqavatlıq yaşıl enerji hədəfi çərçivəsində bu kimi müasir texnologiyalı stansiyalar önəmli rol oynayır. Təbii qazın ixracı və bərpaolunan enerji layihələrinə daha çox yer ayrılması ilə "8 Noyabr" enerji balansının çevikliyini və davamlılığını təmin edir. Bu stansiyanın tətbiq etdiyi qabaqcıl texnologiyalar və ekoloji standartlar dövlətimizi qlobal enerji sektorunda rəqabətqabiliyyətli mövqeyə gətirir.
"8 Noyabr" stansiyası beynəlxalq enerji əməkdaşlığının genişlənməsinə xidmət edir və ölkəmizin enerji ixracında yeni imkanlar yaradır. Bu stansiya, həmçinin regional enerji müstəqilliyi və sabitliyin təmin olunmasında dövlətimizin mövqeyini gücləndirir. Azərbaycanın enerji diplomatiyası və investisiya siyasəti ilə uzlaşan bu layihə ölkəmizin beynəlxalq əlaqələrində enerji təhlükəsizliyi sahəsində möhkəm dayaqların yaradılmasına töhfə verəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər: "Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır".