Kaya Kallasın Ermənistana səfəri: Məqsədlər və regional mesajlar – ÖZƏL

"Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın Ermənistana səfəri, şübhəsiz ki, bir neçə mühüm məqamla bağlıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O qeyd edib ki, Avropa İttifaqının Ermənistanla yaxınlaşması regional gərginlik, Rusiyanın təzyiqləri və İrəvandakı siyasi proseslər fonunda formalaşır:

"Birincisi, son zamanlar Ermənistan ilə Avropa İttifaqı arasında münasibətlərdə nəzərəçarpacaq yaxınlaşma müşahidə olunur. Xüsusilə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan Avropa qurumlarına inteqrasiyanı sürətləndirib və artıq Aİ-yə üzv olmaq üçün rəsmi şəkildə namizədlik müraciəti edib. Avropa İttifaqı da bu prosesə açıq şəkildə dəstək verir. Ermənistanın üzərinə götürdüyü öhdəliklər var və Avropa rəsmilərinin İrəvana səfərləri həmin öhdəliklərin yerinə yetirilməsinə nəzarət məqsədi daşıyır. 
İkincisi, regionda gərginliyin artdığı bir vaxtda - xüsusilə İran-İsrail qarşıdurması və Rusiyanın Cənubi Qafqazda təzyiqlərinin fonunda - Avropa İttifaqı Ermənistanla əlaqələrini daha da dərinləşdirir. Bir vaxtlar Gürcüstanla sıx əməkdaşlıq edən Aİ, bu ölkədə xarici agentlər haqqında qanunun qəbulundan sonra münasibətlərdə soyuqluq yaşayır. Bu səbəbdən hal-hazırda Avropa İttifaqının Cənubi Qafqazda əsas tərəfdaşı Ermənistandır.
Üçüncü mühüm məqam isə Rusiya-Ermənistan münasibətləri ilə bağlıdır. Son zamanlarda Moskvanın Ermənistandakı fəaliyyəti genişlənməkdədir. Nikol Paşinyanın bu ilin 9 mayında Moskvada keçirilən Qələbə paradında iştirakı iki ölkə arasında yaxınlaşma ehtimalını gücləndirib. Bu vəziyyət isə Brüsseldə ciddi narahatlıq doğurur.
Dördüncü əsas məsələ isə Rusiyadan Ermənistana gələn təhdidlərdir. Məlum olduğu kimi, son aylarda Ermənistanda daxili siyasi vəziyyət gərginləşib və Rusiyaya bağlı qüvvələrin çevriliş cəhdi barədə iddialar səsləndirilib. Avropa İttifaqını narahat edən məqamlar arasında bu iddialar və ölkədəki siyasi həbslər də yer alır".

Siyasi şərhçi əlavə edib ki, Avropa İttifaqı bölgədə güclənmək və enerji təhlükəsizliyini qorumaq istəyirsə, Azərbaycanla sağlam əməkdaşlığı prioritetə çevirməlidir.

"Kaya Kallasın səfəri zamanı bu və digər məsələlərin ətraflı müzakirə olunacağı gözlənilir. Səfərin əsas məqsədlərindən biri Brüssel ilə İrəvan arasında əməkdaşlığın daha da gücləndirilməsidir. Bu səfərin Azərbaycana qarşı yönələcəyinə inanmıram. Bəli, Zəngəzur dəhlizi, sülh müqaviləsinin imzalanması və regional kommunikasiyalarla bağlı məsələlər gündəmə gələ bilər. Lakin Avropa İttifaqının bu səfəri Azərbaycana qarşı bir platformaya çevirməsi ehtimalı real görünmür. Əslində, Avropa İttifaqı Azərbaycanla münasibətlərin normallaşması istiqamətində daha fəal olmalıdır. Çünki Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından biridir, enerji təhlükəsizliyini təmin edən dövlətdir və Cənubi Qafqazın əsas aktorudur. Əgər Aİ bölgədə güclənmək və enerji təhlükəsizliyini qorumaq istəyirsə, rəsmi Bakı ilə münasibətləri sağlam və sabit saxlamaq zəruridir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31