İranın raket iddiaları və Azərbaycanla münasibətlərin gələcəyi- ÖZƏL
14:35 Siyasətİddialara görə, İran İsraillə qarşıdurmada Azərbaycanı təxribatla münaqişəyə cəlb etmək üçün raket hücumu planlayır. Bu, bölgədə gərginliyi artırıb, daxili problemləri ört-basdır etmək məqsədi daşıyır. Nəticədə, regional sabitlik və Azərbaycan-İran münasibətləri risk altında qala bilər.
İran rejiminin iddia edilən bu planı regional təhlükəsizlik və Azərbaycan-İran münasibətləri baxımından hansı nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Mən İran tərəfinin belə açıqlamalarla çıxış etməsini pisləyirəm. Hesab edirəm ki, İran tərəfindən hər hansı raket hücumu və ya digər silahlı hücumların həyata keçirilməsi ehtimalı yoxdur. Azərbaycanın öz ərazisindən İrana qarşı raket və ya digər silahlı hücumlara imkan verməməsi kimi, İranın da belə planlarının və addımlarının olduğunu düşünmürəm. Azərbaycanın İranla münasibətlərini gərginləşdirmək istəyən qüvvələr buna nail ola bilməyəcəklər.
Çünki İranda, o cümlədən prezident səviyyəsində, təxribat xarakterli çıxışların məqsədini dəqiq bilən və vəziyyətə aydın təsəvvürlə yanaşan siyasi qüvvələr və şəxslər mövcuddur. Azərbaycan dövləti də İranın bəzi qüvvələrinin və ya kənar təsirlərin yaratdığı problemlərin reallaşmasına imkan verməyəcək.
Bizə qarşı yönələn bu cür hədə-qorxular bizi haqq bildiyimiz yoldan çəkindirə bilməz. Təxribat xarakterli informasiyalar yayanlar isə sonda peşman olacaqlar".
Zeynəb Mustafazadə