Rusiya-Azərbaycan münasibətlərində soyuq küləklər: Strateji tərəfdaşlıq sual altında - ÖZƏL

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulin Azərbaycanı Rusiya üçün strateji tərəfdaş saymır. O, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və KTMT üzvü olmamasını əsas gətirir. Zatulin əlavə edib ki, Qarabağda erməni əhalisinin çıxarılmasından sonra Bakı Moskvanın mövqeyini artıq önəmli hesab etmir və "Şimal-Cənub" nəqliyyat dəhlizi gözlənilən nəticələri verməyib.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib. Politoloqun fikrincə, Zatulinun bəyanatı onu göstərir ki, Rusiya Azərbaycanı öz orbitinə daxil etməkdə acizdir və bu, Moskvanın regiondakı nüfuzunun zəiflədiyini nümayiş etdirir."

"Bu, artıq "diplomatik maskaların düşdüyü" mərhələdir və Zatulinin dedikləri təkcə şəxsi fikir deyil - Kreml içində formalaşan, amma indiyə qədər yüksək səslə deyilməyən bir mövqeyin sızmasıdır.
Rusiya uzun müddətdir ki, Azərbaycanla münasibətlərdə "taktiki müttəfiqlik" xəttini yürüdürdü - yəni nə tam dost, nə də açıq rəqib. Amma Zatulinin bu bəyanatı artıq açıq şəkildə göstərir ki, Moskva  Bakının müstəqil, balanslı və suveren xarici siyasətinə dözümsüz yanaşır. Zatulin faktiki olaraq etiraf edir ki, Azərbaycan Rusiya orbitinə daxil olmayıb və olmayacaq da. Bu, onları qıcıqlandırır. Çünki Azərbaycan KTMT-yə girmir, Aİİ-dən kənarda qalır, siyasi manevr imkanlarını qoruyur və ən əsası - öz maraqlarını Rusiya faktoruna qurban vermir.
Bu bəyanat həm də Moskvanın regionda nüfuz itkisinin etirafıdır. Qarabağda reallıqlar dəyişdi, Bakı öz gücünü sübut etdi, Rusiya isə proseslərdən ya geri qaldı, ya da təsirsiz oldu. İndi isə günahı Azərbaycanı "yetərincə strateji olmamaqda" görmək - köhnə imperiya refleksidir.
Zatulinin açıqlaması Azərbaycanın xarici siyasətində ciddi kurs dəyişikliyi yaratmayacaq, çünki Bakı onsuz da uzun müddətdir ki, öz yolunu cızıb. Amma bu bəyanat Azərbaycan ictimaiyyətində və siyasi elitasında Rusiyaya qarşı etimadsızlığı daha da artıracaq. Paralel olaraq, Qərblə və regional güclərlə münasibətlərin daha da aktivləşməsi mümkündür. Bir sözlə, Zatulin, Moskvanın Azərbaycan qarşısında tükənən kartlarını özü ifşa etdi. Bu, münasibətlərdə soyuq rüzgarların əsməyə başladığını göstərir - amma  günahkar Bakı deyil". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31