İran səfirinin iddiaları: Bakı-Tehran münasibətlərində yenidən gərginlik- ÖZƏL
12:52 Siyasətİranın Ermənistandakı səfiri Mehdi Sübhaninin iyunun 27-də verdiyi açıqlamalar İran-Azərbaycan münasibətlərində yenidən gərginlik yaradıb. Səfir Ermənistanın ərazi bütövlüyünə dəstək bəyanatı verməklə yanaşı, Azərbaycana qarşı ittihamlar səsləndirib. O, Azərbaycan ərazisindən guya İsrail dronları ilə İrana hücum olunduğunu iddia edib. Azərbaycan tərəfi bu ittihamları qətiyyətlə rədd edib və açıqlamanı təxribat adlandırıb.
İran səfirinin bu cür ittihamları regionda hansı geosiyasi məqsədlərə xidmət edir və bunun arxasında hansı mesajlar dayanır?
Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, İran, Azərbaycanın İsrail ilə yaxınlaşmasını və regionda güclənməsini öz təhlükəsizliyi üçün birbaşa risk kimi görür:
"İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin iyunun 27-də səsləndirdiyi bəyanatlar, xüsusən Ermənistanın ərazi bütövlüyünə dəstək verməsi və Azərbaycan ərazisindən İsrail dronları ilə İrana hücum iddiası təəccüblü deyil. Görünən odur ki, İran Cənubi Qafqazda öz nüfuzunu qorumaq və genişləndirmək istəyidir. 12 günlük İsrail İran gərginliyi sonrası bu kimi açıqlamaların olması gözlənilirdi.
Heç kəsə sirr deyil ki, İran, Azərbaycanın regionda güclənməsini, həm də İsrail ilə yaxınlaşmasını öz təhlükəsizliyi üçün birbaşa risk kimi görür. İsrail və Azərbaycan arasındakı hərbi və təhlükəsizlik əməkdaşlığı Tehran üçün ciddi narahatlıq mənbəyidir. İddia olunan dron hücumu real deyil və bunu əslındə İranda bilir. Amma regional təzyiq və təhdid alətlərindən istifadə etməklə İran, həm daxili auditoriyaya, həm də beynəlxalq arenaya güc nümayiş etdirmək istəyir.
Eyni zamanda, səfirin Ermənistana açıq dəstək verməsi, İranın uzunmüddətli Ermənistanla strateji əməkdaşlığını təsdiqləyir və Bakı ilə Tehranın münasibətlərindəki yaxınlaşmanın nisbi olduğunu göstərir. Bu dəstək, Azərbaycan-Ermənistan münaqişəsində İranın balanslaşdırıcı rol oynamaqdan çox, mövqeyini açıq şəkildə Ermənistan tərəfinə yönəltməsi kimi qiymətləndirilə bilər.
Bütün hallarda Mehdi Sübhaninin açıqlaması Azərbaycan İran münasibətlərinin normallaşdığı bir zamanda anlaşılmaz görünsə də təəccüblü deyil. Bakı buna hazır idi. İran İsrail ilə gərginlik fonunda Bakı ilə problemləri aradan qaldırırdı. Gərginliyin aktiv fazası bitdiyinə görə Tehran öz iç üznü yenə göstərir".
Zeynəb Mustafazadə