Əli Mustafa: “İranın məkrli planlarına qarşı həm hərbi, həm ideoloji cəbhədə hazır olmalıyıq” – ÖZƏL

Araz News Telegram kanalında yayılan sensasion iddiaya görə, İran rejimi İsraillə mümkün qarşıdurma zamanı Azərbaycanı da münaqişəyə cəlb etmək üçün təxribat xarakterli raket hücumu planlaşdırır. İddialara əsasən, plan Güney Azərbaycandan Quzey Azərbaycana doğru raket zərbələrinin endirilməsini nəzərdə tutur. Məqsəd isə beynəlxalq ictimaiyyətdə belə bir təəssürat yaratmaqdır ki, guya "güneyli azərbaycanlılar" İsrailə cavab olaraq Quzey Azərbaycana hücum edir. Bildirilir ki, rejim bu yolla həm bölgədə yeni gərginlik yaratmaq, həm də daxildəki uğursuzluqları kölgədə qoymaq istəyir.

İran rejiminin iddia edilən bu planı regional təhlükəsizlik və Azərbaycan-İran münasibətləri baxımından hansı nəticələrə gətirib çıxara bilər? Azərbaycan belə təxribat ssenarilərinə qarşı öz milli təhlükəsizliyini necə təmin etməlidir?

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Olaylar.az-a danışıb. O bildirib ki, İsrail-İran münaqişəsi başa çatmayıb. Sanki proses yarımçıq qalıb. Düzdür, burada tərəflərin güc nisbəti, təsir imkanları və hadisəyə verilən qiymətlər fərqli olsa da, ümumi mənzərə dəyişməz qalır.
Bu qarşıdurmanın 70 faizi İsrailin aktivliyi ilə başlayıb və o, müəyyən üstünlük qazanıb. Sonradan isə İranın revanş xarakterli addımları artdı və müharibə müəyyən mənada dayandı. Amma bu, münaqişənin tam bitdiyi anlamına gəlmir. Yenidən alovlanması ehtimalı real görünür. Həm İsrail, həm də İran bu məsələdə sanki hələ hər şeyi deməyib, hər addımı atmayıb. İran tam cavab verməyib və İsrail də son nöqtəni qoymayıb. Siyasi və ideoloji baxımdan bu, bir gözləmə mərhələsinə bənzəyir.

Siyasi şərhçinin sözlərinə görə, İran rejimi İsraillə gərginlik fonunda Azərbaycanı əsassız ittihamlarla hədəfə alır və Güney-Quzey yaxınlaşmasının qarşısını almağa çalışır.

"Təəssüf ki, İranda anti-Azərbaycan təbliğatı müşahidə olunmaqdadır. Xüsusən də bu gərginlik dövründə və ondan sonra bu təbliğat daha da artıb. İran daxilində müəyyən qruplar insanları inandırmağa çalışırlar ki, guya İsrailin hücumlarında  Azərbaycanın izi var. Bu, tamamilə əsassız bir iddiadır.
Əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycan bu qarşıdurmada heç bir tərəfi dəstəkləməyib. Əksinə, prosesin sülh yolu ilə həllinə dair təşəbbüslər göstərib. Eyni zamanda, bəzi məlumatlara görə, İran tərəfi İsraillə münasibətlər fonunda Güney Azərbaycan məsələsinə dair narahatlıq ifadə edib və İsrailin bu məsələdə aktivlik göstərməməsini istəyib. Görünür, İran bu münasibətlər fonunda müəyyən siqnallar alıb. Onlar artıq başa düşürlər ki, İranın zəiflədiyi bir vaxtda  Güney Azərbaycan və Quzey Azərbaycan arasında yaxınlaşma baş verir. Azərbaycan bir formada Güneyli qardaşlarını qorumağa çalışır. Bu isə regionda yeni siyasi-konfiqurativ düzən formalaşdıra bilər. Molla rejimi bu yaxınlaşmanın qarşısını almağa çalışır və Güney-Quzey arasında qarşıdurma yaratmaq istəyir".

Əli Mustafa əlavə edib ki, İranın  Azərbaycana qarşı artan ideoloji və təhlükəsizlik təhdidlərinə qarşı həm hərbi gücümüzü, həm də informasiya-təbliğat və beynəlxalq müttəfiqlərlə əməkdaşlığı gücləndirməliyik.

"İran hakimiyyəti hər zaman Azərbaycanı öz ərazi bütövlüyü üçün təhlükə kimi görüb. İndi də görünür, Güney Azərbaycandan gələcək bütövləşmə çağırışlarını nəzərə alaraq, bu ideyanı ideoloji müstəvidə zəhərləməyə çalışır. Bu baxımdan, ehtimal etmək olar ki, İran Azərbaycana qarşı açıq və ya gizli şəkildə məkrli planlar hazırlayır. Biz buna qarşı hazırlıqlı olmalıyıq. Əvvəlcə informasiya və təbliğat səviyyəsində fəaliyyətimizi daha da gücləndirməliyik. Güneyli qardaşlarımıza anlatmalıyıq ki, Azərbaycan hər zaman onların yanında olub, olacaq. İsrail-İran qarşıdurmasında da biz heç bir tərəfdə iştirak etməmişik, əksinə, Güneyi qorumaq üçün əlimizdən gələni etmişik. Digər tərəfdən, Azərbaycanın hərbi imkanlarını da artırmaq vacibdir. Hazırda ölkəmizdə müəyyən hava hücumundan müdafiə sistemləri var, amma bu sistemlər daha da gücləndirilməlidir. İranın atdığı ballistik raketlərə qarşı daha etibarlı və müasir hava hücumundan müdafiə sistemləri əldə etməliyik. Bu məsələdə Türkiyə ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Unutmamalıyıq ki, nə İran, nə də Rusiya Azərbaycanın müstəqil xarici siyasət kursunu həzm edə bilmir. Buna görə də istənilən fürsətdə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Biz isə buna qarşı öz tədbirlərimizi görməliyik. Təhlükəsizlik məsələlərinin digər vacib xətti isə müttəfiqlərlə əməkdaşlığı dərinləşdirməkdir. Xüsusən də Türkiyə və Pakistanla. Həmçinin Avropa ölkələri ilə də bu sahədə ciddi əməkdaşlıqlar qurmalıyıq. Türkiyə ilə qarşılıqlı müdafiə razılaşmalarının, Pakistanla hərbi sənədlərin imzalanması İran və Rusiyanın təxribatlarını əngəlləyə bilər. Bu cür əməkdaşlıqlar onları addım atmazdan əvvəl iki dəfə düşünməyə məcbur edər. Nəhayət, media və informasiya sahəsində də fəallığımız artırılmalıdır. Dünya ictimaiyyətini bu təhlükələr barədə vaxtında məlumatlandırmaq və riskləri əvvəlcədən izah etmək baş verə biləcək təhlükələrin qarşısını almağın effektiv yollarından biridir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31