Ermənistan da Rusiyaya qarşı demarş prosesini açıq şəkildə aparmağa başladı - “Sputnik Armenia” hədəfə alındı

"Sputnik Armenia"nın Fransanın Ermənistana dəstəyini qınayan, Makronun Paşinyanla telefon danışığını aşağılamağa çalışan xəbəri, əslində, Moskvanın Ermənistana qarşı informasiya təzyiqinin bariz nümunəsidir.

Musavat.com erməni mediasına istinadla bildirir ki, agentlik açıq şəkildə Ermənistanın daxili və xarici siyasətinə müdaxilə edən mövqe ortaya qoyur, Ermənistanın qərarlarını şübhə altına alır.

Rusiya mediasının bu cür davranışı Ermənistanda ciddi narazılıq doğurur və faktiki olaraq İrəvanın Moskvaya qarşı diplomatik etiraz dalğasına (demarş prosesi) səbəb olur. Ermənistan hökuməti və mediaya yaxın dairələr artıq açıq mətnlə bildirirlər ki, Rusiya onların müstəqilliyini və suverenliyini hörmətlə qarşılamır.

Maraqlı məqam odur ki, Ermənistan hazırda Azərbaycanın Rusiyaya qarşı sərt münasibətindən, iki ölkə arasında gərginliyin kulminasiya nöqtəsinə çatmasından istifadə edərək öz mövqeyini daha sərt formada ifadə etməyə başlayıb. İrəvan üçün Bakının Moskvaya qarşı sərt demarşları müəyyən mənada əlavə təhlükəsizlik "sipəri" yaradır, ona görə Ermənistan hakimiyyəti də Rusiyaya qarşı daha cəsarətli bəyanatlar verməyə başlayıb.

Hazırda Cənubi Qafqazda həm Azərbaycan, həm də Ermənistan Moskvaya açıq narazılıqlarını ifadə edir - bu isə regionda Rusiyanın təsir imkanlarını getdikcə daha da zəiflədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31