Rusiyadakı “bespredel”in acı əsəri – insanları saxlayır, təcridxanada öldürürlər
12:35 SiyasətKeçən ilin martından bəri Rusiyada nasizm dalğasının xüsusi şiddətlə kükrədiyi, artıq ört-basdır edilməz hala gəldiyi barədə onlarca yazı yazmışıq. Hər yazının öz xüsusi səbəbi olub. Nəsə bir əhvalat baş verib, qərarlar qəbul edilib və buna nasizmdən, qıcqırmış patriotizmdən başqa ad vermək mümkün olmayıb.
Hətta bəzən bu cür ksenofobik hərəkətlər irqçilik səciyyəsi də alıb. Məsələn, "Krokus siti" konsert zalında tacik mənşəli dörd terrorçu tərəfindən törədilən terror aktından sonra, qanunsuz da olsa, hədəfə yalnız taciklər çıxarılsaydı, bu, bir millətə qarşı şovinizm olacaqdı, ancaq Rusiyanın hüquq-mühafizə orqanları bütün "asiyalı qara millətlər"i (tacik, özbək, qırğız, türkmən, uyğur, qaraqalpaq və b.) bir-birinə qatdılar - sırf dəri rənginə, göz formasına görə.
Ona görə də bu gedişatın təkcə türküstanlılarla (ötən əsrin bu vaxtları bütün Orta Asiya Türküstan adlanıb) yekunlaşmayacağı, nasizm dalğasının digər postsovet ölkələrindən olanları vuracağı da gözlənilirdi.
Dünən Yekaterinburqda yaşayan soydaşlarımızın Rusiya xüsusi təyinatlılarınin hücumuna məruz qalması, nəticədə onlar tərəfindən iki qardaşın vəhşiliklə öldürülməsi sırf həmn ksenofobiya dalğasının əsəridir.
Həlak olanlar həmkarımız Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Bu, bir gerçəkdir: Polşa ilə sərhəddəki Kalininqraddan ta Yaponiyanın dibindəki Saxalinə qədər böyük bir ölkənin bütün şəhərlərində real hakimiyyət xüsusi təyinatlı qüvvələrə məxsusdur. Onların əlinin üstündə əl yoxdur, istənilən gün istənilən məkanlara başdan-ayağa silahlanmış, maskalanmış, zirehlənmiş şəkildə hücum edir, insanları yerə uzadır, döyür, söyür, işgəncə verir, saxlayır, soyurlar.
Rusiyada tam bir özbaşınalıq, ruslar özləri demişkən, "bespredel" hökm sürür və bu "bespredel"in həddi yoxdur.
Ən önəmlisi odur ki, bu cür reydlər yalnız "qara millət"lərin iş, yaşayış və əyləncə məkanlarına edilir. Ayrı-seçkilik açıq-aşkardır.
Məqsəd illərdən bəridir yavaş-yavaş hüquqsuz vəziyyətə salınmış "gəlmə"ləri soymaqdır. Saxlanılanların, demək olar ki, hamısından bəlli miqdarda pul-para qoparılır, rüşvət verməyə pulu olmayanlar deportasiya edilir və bu da bəlli planın doldurulmasına dair ayrıca statistik göstərici olur.
"Krokus"da baş verən terror aktı Rusiyanın hüquq-mühafizə orqanlarının yerli idarələrinin rəhbərlərinə miqrantların, eləcə də artıq Rusiya vətəndaşı olan "gəlmələr"in hesabına öz maddi sərvətlərini artırmaq üçün əla bəhanə verib. Bu üzdəndir ki, "yadelli"lərin üzərinə təşkil edilən reydlərin sayı artıb, permanent xarakter alıb.
Ukraynadakı rus qoşunundan qırılanların yerini doldurmaq üçün də ən ideal kontingent keçmiş miqrantlardır. Onların hərbi mükələfiyyət yaşı çatan övladlarının əksəriyyəti ya çağırış vərəqəsi ilə döyüşən orduya göndərilir, ya da hərbi komissarlıqlara çağırılaraq soyulur. Hətta vətəndşlıq üçün müraciət edən kişilər polisdə pasport qeydiyyatına alınan kimi hərbi komissarlığa aparılır, dərhal çağırış vərəqəsi verilir və birbaşa Ukraynaya göndərilirlər.
Saxlanılaraq polis bölməsindəki təcridxanaya aparılanların orada öldürülməsi isə alman-faşist SS-çilərindən, sovet NKVD-sindən qalma praktikadır. Bu, ağır dövləti cinayətdir, ancaq Rusiyada artıq normaya çevrilməkdədir. Bu işə prokurorluq orqanları və RF İstintaq Komitəsinin regional idarələri nəzaərət etməlidir, ancaq onlar, sadəcə, prosesi müşahidə edirlər, hətta xüsusi təyinatlıların belə hərəkətlərindən şikayət olduqda onların tərəfini tutur, poqon yoldaşlarını dəstəkləyirlər. Xüsusilə də söhbət miqrantlara qarşı yol verilmiş qanun pozuntularından gedirsə, nəzarətçi orqanlar kar, kor və lal olurlar.
İndi görün, Rusiya necə bir vəziyyətə gəlib çatıb. Bu günlərdə yayılan xəbərə görə, Özbəkistanda saxlanılan şəxslərin işgəncə və qaba rəftardan qorunması üçün onların dərhal həkim müayinəsindən keçirilməsini nəzərdə tutan qanun qəbul ediləcək. Əgər həkim və vəkil saxlanılan şəxsdə fiziki təzyiq izi aşkar edibsə, iş birbaşa prokurorluğa yönəldiləcək.
Rusiyada isə insanları müvəqqəti təcridxanalarda döyməklə kifayətlənmirlər, birbaşa öldürürlər.
O dövlətdə düzən pozulub, orada çörək, qazanc varsa da, artıq ayı ağzındadır. Bu, qorxunc bədheybətdən uzaq olmaq, ona yaxın getməmək lazımdır. Orta Asiya xalqları artıq öz hesablarını götürüblər, geriyə axın başlayıb. Qafqaz xalqlarının övladları da hədsizlik müşayiət olunan nasizm dalğasının səngiyəcəyi illərə qədər ehtiyatlı olmalıdır. Rusiyada artıq Qafqazın bütün xalqlarıı xor görürlər.
P.S. Bu yazının nöqtəsi qoyulanda xəbər yayıldı ki, Rusiyada xüsusi təyinatlılar tərəfindən daha bir azərbaycanlı öldürülüb. O, öldürülən qardaşların əmisioğludur.
Araz Altaylı, Musavat.com