Paşinyan Kremlə niyə açıq “savaş” elan etdi: İrəvan Rusiyanın cəsus şəbəkəsini dağıdır

Ermənistanda hakimiyyət uğrunda artıq kriminallaşdırılmış siyasi mübarizə tədricən kulminasiya mərhələsinə sürətlə yaxınlaşır... Rəsmi İrəvan ümid edir ki, əgər, Kremlin "əlaltıları" zərərsizləşdirilərsə, Rusiyanın Ermənistanda çevriliş planını iflasa uğratmaq mümkün ola bilər...

Cənubi Qafqaz uğrunda mübarizə indi həlledici mərhələyə keçmək üzrədir. Dünya nəhəngləri bu regiona təsir mexanizmlərini gücləndirmək üçün bütün geopolitik resurslarını aktivləşdirməyə çalışırlar. Hər halda, Cənubi Qafqaz hazırda ABŞ və Qərb üçün strateji əhəmiyyət daşıyan region olaraq, diqqəti çəkir. Rusiya isə bu regiona ABŞ və Qərbin fundamental yerləşmə cəhdlərinə müqavimət göstərməyə çalışır. Və Kreml bu məqsədlə əsas regional "proxy" qüvvələrini artıq hərəkətə gətirib.

Onu da qeyd etmək lazımdr ki, dünya nəhənglərinin region uğrunda geopolitik savaşı Ermənistanda ölkədaxili situasiyanın daha da gərginləşməsinə səbəb olmaqdadır. Çünki ABŞ və Qərbin Cənubi Qafqazda yerləşə biləcəyi yeganə regional məkan məhz Ermənistan ərazisi hesab olunur. İndi bu ölkədə ABŞ-ın qeyri-rəsmi hərbi bazası və gizli laboratoriyası mövcuddur. Eyni zamanda, ABŞ hərbçiləri Ermənistanın ordu strukturlarına yerləşdirilirb. Və Ermənistan ordusunda Rusiya kəşfiyyatına bağlı yüksəkrütbəli hərbi məmurların təmizlənməsi prosesində məsləhətçi qismində iştirak edirlər.

07e86a96ac7902cbaeb884a3daae4da5.jpg (57 KB)

Digər tərəfdən, Avropa Birliyi də "mülki müşahidə missiyası" adı altında Ermənistana hərbi kəşfiyyatçılar yerləşdirib. Bu cəsus şəbəkəsi Azərbaycan, Türkiyə, İran və Rusiya barəsində davamlı kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Eyni zamanda, Fransa da Ermənistana münasibətdə özünün yeni "geopolitik müstəmləkə"si kimi davranır. Rəsmi Paris Ermənstanla bağlı bütün mövzularda ön planda yer almağa çalışır. Və bütün bunlar Ermənistana nəzarətin Rusiyanın əlindən alınması cəhdlərinə əlavə imkanlar açan faktorlar sayılır.

Təbii ki, Kremldə ABŞ və Avropa Birliyinin Cənubi Qafqaz planlarından ciddi şəkildə narahatdırlar. Ona görə də, Rusiya bütün iqtisadiyyatına nəzarət etdiyi Ermənistanda hegemon mövqelərini qorumaq üçün əlindəki bütün resursları artıq aktivləşdirib. Kremlin ixtiyarında son həlledici müdaxilə mexanizmi olaraq, Ermənistandakı Rusiya hərbi bazaları da mövcuddur. Və Rusiya hazırda hələlik hərbi faktora ehtiyac yaranmadan Ermənistanla bağlı problemi həll etməyə çalışır.

Məsələ ondadır ki, Kreml son aylarda Rusiyanın Ermənistandakı bütün "cəsus şəbəkəsi"ni hərəkətə gətirib. Bu "cəsus şəbəkəsi"nə erməni kilsəsi başda olmaqla, silahlı "Qarabağ klanı", radikal-revanşist müxalif düşərgənin müxtəlif siyasi qruplaşmaları, bəzi media qurumları, generalitetə daxil olan yüksəkrütbəli hərbçilər və s. daxildir. Yəni, Kreml nəzarətində olan geniş "cəsus şəbəkəsi" ilə Ermənistanı qarışdırmaq imkanlarına hələ də sahibdir. Və bu baxımdan, Rusiyanın Qərbə inteqrasiya siyasəti yürüdən Paşinyan hakimiyyətinə qarşı total hücuma keçdiyi də açıq-aşkar nəzərə çarpır.

pasha-keshish1.JPG (57 KB)

Maraqlıdır ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri Kreml tərəfindən önəmli fürsət olaraq, dəyərləndirilir. Ona görə də, ilkin variant kimi, Paşinyan hakimiyyətinin seçkilərə qədər devrilməsi planı işə salınıb. Hazırda baş verən hadisələrin Ermənistanın daxili işi olduğunu bəyan etmiş olsa da, Rusiyanın bu proseslərin arxasında olduğu qətiyyən şübhə doğurmur. Və Rusiya vətəndaşı, "Taşir" holdinqin rəhbəri Samvel Karapetyanın həbsi də Paşinyan hakimiyyətinin Kremlin Ermənistanda çevriliş planına sərt reaksiyası hesab olunur.

Ermənistan mediasının iddiasına görə, Samvel Karapetyan Kremlin Ermənistandakı "emissarı" funksiyalarını yerinə yetirir. Hətta bildirilir ki, bu "erməni emissar" Paşinyan hakimiyyətinin devrilməsindən sonra iqtidara gətirilmək üçün indiyə qədər Kreml tərəfindən ehtiyatda saxlanırdı. Ancaq Rusiyanın "cəsus şəbəkəsi" real siyasi lider problemi yaşadığından, Kreml öz "emissar"ını meydana vaxtından əvvəl çıxartmaq məcburiyyətində qalıb. Və bundan xəbərdar olan Paşinyan hakimiyyəti isə dərhal uyğun bəhanə taparaq, Kremlin "emissar"ını həbs edib.

Rəsmi İrəvan bununla da kifayətlənməyib. Belə ki, Paşinyan hakimiyyəti hazırda Ermənistanın siyasi-ictimai məkanında genişmiqyaslı "təmizlik əməliyyatı"na da başlayıb. Belə ki, son məlimatlara görə, Ermənistanda hakimiyyətə qarşı mövqe tutan, etiraz aksiyalarına liderlik edən 15 nəfərə yaxın şəxsi həbsə alıb. Saxlanılanların sırasında vaxtilə Ermənistanı qarışdırmış keşiş Baqrat da daxil olmaqla, "Daşnaksütyun" Partiyasının, "Qarabağ klanı"nın, keçmiş prezidentlərin liderliyi altında olan radikal-revanşist siyasi qurumlarının və erməni separatçı-terrorçuların təmsilçiləri yer alır. Və bu o deməkdir ki, Paşinyan hakimiyyəti Rusiyanın "cəsus şəbəkəsi"nə qarşı həlledici savaşa başlayıb.

87be9dbe-1472-4502-86da-bbed61c6c597.jpg (314 KB)

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Ermənistandakı həbs dalğasını məhz dövlət çevrili cəhdlərinin qarşısının alınması kimi izah edib. Onun iddiasına görə, Ermənistanda terrorçuluq və hakimiyyətin ələ keçirilməsi məqsədilə xüsusi plan üzrə fəaliyyət göstərilirmiş. Ermənistan hüquq-mühafizə orqanları isə son anda bu planı ifşa edərək, cinayət şəbəkəsinin bəzi üzvlərini həbs edib. Və baş nazir Nikol Paşinyan dövlət çevrilişi planının ölkənin xaricindən idarə edildiyini vurğulamaqla, Rusiyaya yönəlik üstüörtülü eyham vurmaqdan da özünü saxlaya bilməyib.

Görünüdüyü kimi, Ermənistanda hakimiyyət uğrunda artıq kriminallaşdırılmış siyasi mübarizə tədricən kulminasiya mərhələsinə sürətlə yaxınlaşır. Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiyanın "cəsus şəbəkəsi"ni vurmaqla, Kremli Ermənistanda əsas təsir mexanizmindən məhrum etməyə çalışır. Rəsmi İrəvan hesab edir ki, əgər, Kremlin "əlaltıları" zərərsizləşdirilərsə, Ermənistanda çevriliş planını iflasa uğratmaq mümkün ola bilər. Və hətta bu mümkün olsa belə, Paşinyan hakimiyyəti Ermənistandakı Rusiya hərbi bazalarının vəd etdiyi daha real təhlükəni də bloklamaq barədə düşünmək məcburiyyətində qala bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31