Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir
16:46 SiyasətEnerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yeni münaqişə və müharibələr fonunda isə həmin vəzifənin icrası strateji əhəmiyyət kəsb edir. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, enerji təhlükəsizliyi artıq istənilən ölkənin həyatında milli təhlükəsizlik konsepsiyasının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir. İyunun 24-də Mingəçevirdə istismara verilən "8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirməklə yanaşı, milli təhlükəsizliklə bağlı məsələlərin daha etibarlı şəkildə qorunmasına xidmət edir.
Stansiyanın açılış mərasimində Prezident İlham Əliyevin və İtaliya Respublikasının şirkətlər və "Made in İtaly" naziri Adolfo Ursonun, İtaliyanın "Ansaldo Energia" və Çinin "Dongfang Electric İnternational Corporation" kimi aparıcı şirkət rəhbərlərinin iştirakı deməyə əsas verir ki, bu layihə Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, strateji tərəfdaşlıq münasibətlərində olduğumuz İtaliya və Çinin enerji siyasəti, eləcə də aparıcı şirkətləri üçün bir o qədər önəmlidir. Nazir Adolfo Ursonun açılış mərasimindəki çıxışı zamanı səsləndirdiyi bu fikirlər enerji sahəsində ölkəmizlə əməkdaşlığa göstərilən diqqət və marağın yüksək səviyyəsindən xəbər verir: "Mən Prezident Əliyevə İtaliyaya diqqət yetirdiyinə görə təşəkkür edərək, bugünkü açılışdan çox məmnunluğumu bildirir, Baş nazir Ciorcia Meloninin salamlarını çatdırıram. Düşünürük ki, bundan sonra da hər iki ölkənin rifahı naminə əməkdaşlığımızı davam etdirəcəyik".
"8 Noyabr" Elektrik Stansiyasının tikintisi üçün məhz Mingəçevirin seçilməsi təsadüfi deyil. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərində həyata keçirilən layihələr sayəsində Mingəçevir ölkəmizin energetika mərkəzinə çevrildi. Təməli 1974-cü ildə qoyulan "Azərbaycan" İstilik Elektrik Stansiyasının birinci blokunun 1981-ci ildə istismara verilməsi ilə Mingəçevir şəhəri hələ o dövrdə nəinki ölkəmizin, bütövlükdə Qafqazın aparıcı enerji təchizatçısı rolunu oynamağa başladı. Ermənistan elə bu səbəbdən həmin stansiyanı partlatmaq hədəsi ilə ölkəmizi davamlı surətdə təhdid edirdi. Ermənistan 44 günlük Vətən müharibəsinin gedişatında beynəlxalq hüquqa məhəl qoymadan öz hədəsini gerçəkləşdirərək növbəti müharibə cinayətini törətdi. 2020-ci il oktyabrın 4-ü və 11-də stansiyanın ərazisinə "Smerç" reaktiv yaylım qurğusundan raket zərbələri endirdi. Çünki düşmən yaxşı bilirdi ki, Mingəçevirdəki stansiya ölkəmizin enerji və milli təhlükəsizliyi baxımından hansı əhəmiyyətə malikdir, raket zərbələrinin fəsadları Azərbaycan üçün hansı ağır nəticələrə səbəb ola bilər. Bu cinayətlər bir daha sübut edir ki, savaş dövründə təlaş içərisində qıvrılan Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün heç bir sərhəd olmayıb, onlar mülki əhalimizə qarşı insanlıq əleyhinə ən ağır müharibə cinayətlərini törətməkdən belə çəkinməyiblər. Həmin vaxt müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri sayəsində raket zərbələrinin ağır fəsadlarını minimuma endirmək mümkün oldu. Prezident İlham Əliyev "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı zamanı bu faktları tədbir iştirakçılarının diqqətinə məxsusi olaraq çatdırdı: "Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir".
Cənab Prezident ölkəmizə qarşı törədilən ağır cinayətləri xatırlatmaqla bunların təsadüfən baş vermədiyini və Mingəçevirin energetika mərkəzi kimi regionda nə qədər əhəmiyyətli bir ünvan olduğunu diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Qafqazın energetika mərkəzinə çevrilən Mingəçevir Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən enerji siyasəti sayəsində bu statusunu uzun onilliklər ərzində qoruya biləcək, Azərbaycan isə bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu etibarlı tərəfdaş kimi bundan sonra da davam etdirəcək. Cəmi iki il ərzində inşa olunan "8 Noyabr" Elektrik Stansiyası milli təhlükəsizliklə bağlı hədəflərimizin daha etibarlı şəkildə qorunmasına təminat verir. 1880 meqavat gücündə olan bu Stansiyanın istismara verilməsi ona da imkan yaradır ki, atmosferə zərərli tullantıların həcmi 50 faizədək azalsın. Bu, COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın yaşıl enerjiyə keçid siyasətinə sadiq olduğunu bir daha nümayiş etdirir. Digər tərəfdən, layihənin ərsəyə gəlməsi ilə daxili bazarda təbii qaza qənaət edilməsi və bu həcmin ixracata yönəldilməsi də mümkün olacaq. Başqa sözlə, bu gün Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan strateji statusunu uzun illər ərzində qoruya biləcək. Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi növbəti açıqlama ölkəmizin strateji hədəflərinə tam aydınlıq gətirir: "İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır".
Beləliklə, əgər bir vaxtlar Mingəçevir Qafqazın enerji sektorunda aparıcı mərkəzə çevrilmişdisə, bu gün bütövlükdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayır və bununla geoiqtisadi, geosiyasi müstəvidə özünün etibarlı tərəfdaş statusunu təsdiq etməkdə davam edir. Şübhəsiz ki, eyni vaxtda həm bu cür qlobal layihələri həyata keçirən, həm də Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərini yalnız daxili imkanları hesabına uğurla davam etdirən müasir Azərbaycan güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya, o cümlədən bədxahlarımıza nümayiş etdirir. Sonuncuları narahat edən də elə bu reallıqdır. Elə bir reallıq ki, həm tarixi Zəfərimizin təməlini təşkil edir, həm də gələcək uğurlara zəmin yaradır.
Ülvi Quliyev
Milli Məclisin deputatı