Ordumuz ruh yüksəkliyi, intizam və vətənə sədaqətlə qələbə qazandı - ÖZƏL

"Azərbaycan Ordusunun XXI əsrdə regionun aparıcı hərbi gücünə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasətin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib: "Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ordumuz texniki baxımdan müasirləşdirilmiş, peşəkar zabit və əsgər heyəti formalaşdırılmış, milli hərbi sənaye qurulmuşdur. Prezident İlham Əliyevin əsas məqsədi müstəqilliyini qoruyan, xalqın dəstəyinə arxalanan və beynəlxalq standartlara uyğun bir ordu yaratmaq idi. Bu məqsədə tam şəkildə nail olunub. Azərbaycan Ordusu bu gün həm döyüş meydanında, həm də informasiya müharibəsində qalib gəlməyi bacaran, qlobal təhlükəsizlik sisteminə töhfə verən müasir və qalib ordudur. Bu uğurların zirvəsi isə 2020-ci ilin 44 günlük Vətən Müharibəsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu milli hədəf olan ərazi bütövlüyünü bərpa etdi, düşməni darmadağın etdi və tarixə "qalib dövlət - qalib ordu" anlayışını həkk etdi".
Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Qələbə təsadüfi deyildi. Bu, onilliklər ərzində qurulan möhkəm təməlin, strateji liderliyin və xalqın vahid iradəsinin nəticəsi idi: "Müharibə dövründə Ali Baş Komandanın siyasi və diplomatik sahədəki çevik qərarları, informasiya cəbhəsində üstün mövqeyi və orduya olan sarsılmaz inamı qələbənin ideoloji və praktiki əsasını təşkil etdi. Şuşanın azad olunması əməliyyatı isə hərb tarixində misilsiz qəhrəmanlıq və yüksək taktiki düşüncə nümunəsi kimi yadda qaldı. Bu əməliyyat sübut etdi ki, Azərbaycan Ordusu yalnız müasir texnika və silahla deyil, həm də ruh yüksəkliyi, intizam və vətənə sədaqətlə qələbə qazanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31