Fransa səfirinin Şuşaya səfəri: Münasibətlərin normallaşması üçün ilk addım? – ÖZƏL

Bir neçə gün əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Bu səfər çərçivəsində diqqət çəkən məqamlardan biri Fransa səfiri Ann Buayonun dəvət olunmadan Şuşaya getməsi olub. Qeyd edək ki, o, bundan əvvəl dəfələrlə rəsmi dəvətlər alsa da, bu cür səfərlərə qatılmamışdı. Digər tərəfdən, 8 may tarixində Parisdə keçirilən tədbirə Azərbaycanın Fransadakı səfiri dəvət olunmayıb.

Ann Buayonun Şuşada səsləndirdiyi "Şuşa Azərbaycan mədəniyyətini anlamağa imkan verir" fikri isə mədəni və diplomatik baxımdan mühüm mesaj kimi dəyərləndirilir.

"Fransa səfirinin Şuşaya səfəri Fransa-Azərbaycan münasibətlərinin normallaşmasına dair istək və cəhdin bir göstəricisi kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, səfir bu səfəri özbaşına etməyib. Yəqin ki, ona bu istiqamətdə Fransa Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları tərəfindən tapşırıq verilib. Səfir, heç bir rəsmi dəvət gözləmədən, birbaşa şəkildə Şuşaya səfər edib və burada verdiyi bəyanatlarla Azərbaycanın maraqlarına uyğun münasibətlərin qurulmasına işarə edən mövqe sərgiləyib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Fransa-Azərbaycan münasibətlərinin normallaşması üçün Paris səmimi addımlar atmalı, təkcə rəmzi səfərlərlə kifayətlənməməlidir:

"Lakin bu cür səfərlər hələ münasibətlərin tam şəkildə düzəlməsi demək deyil. Fransa tərəfi bu istiqamətdə ciddi səy göstərməlidir - başqa sözlə, münasibətləri bərpa etmək üçün əməldə çox iş görməlidir.
Məsələn, yaxınlarda Parisdə keçirilən beynəlxalq tədbirdə bütün diplomatik korpus nümayəndələri dəvət olunsa da, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin tədbirə dəvət edilməmişdi. Bu isə, açıq şəkildə, Fransa tərəfindən nümayiş etdirilən diplomatik etikasızlıq nümunəsidir. Bundan əlavə, Fransa prezidenti Emmanuel Makronun vaxtaşırı Azərbaycan əleyhinə verdiyi bəyanatlar, Qarabağla bağlı birtərəfli təşəbbüsləri, problemin hələ də həll olunmamış kimi təqdim edilməsi və Fransanın Ermənistanın tərəfdarı mövqedə çıxış etməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirən amillərdəndir. Azərbaycan tərəfi isə bu münasibətsiz davranışlara layiqli şəkildə cavab verib.
Son illərdə rəsmi Bakı Fransanın müstəmləkəçilik siyasətini açıq şəkildə ifşa edib. Bakıda təşkil olunan konfranslar bu siyasətin mahiyyətini beynəlxalq aləmə nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Görünür ki, rəsmi Paris artıq bu məsələlərdə Azərbaycanla rəqabət apara bilmədiyini anlayır və bu reallığı qəbul etməyə məcbur qalır. Bu səbəbdən də Fransa üçün barışmaqdan başqa yol qalmır. Ancaq burada təkcə bir səfirin səfəri ilə iş bitmir. Rəsmi Paris bu istiqamətdə əlavə addımlar atmalı və Azərbaycanla münasibətlərin normallaşmasına dair daha ciddi təşəbbüslər irəli sürməlidir. Əgər Fransa bu məsələdə səmimi olarsa, Azərbaycan da qarşılıqlı şəkildə uyğun cavab verəcək və münasibətlərin normallaşması prosesinə dəstək göstərəcək".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31