Naxçıvan artıq Avrasiyanın geosiyasi aktiv seqmentlərindən birində mərkəz nöqtədir- ÖZƏL
13:41 Siyasət"Böyük ehtimalla Yaxın Şərq, İran, Türkiyə, Ermənistan, bütövlükdə Cənubi Qafqazla əlaqədar geosiyasi proseslərin dinamikası yüksək olaraq qalacaq. Bu, eyni zamanda qlobal geosiyasi qarşıdurmanın yeni nəqliyyat dəhlizləri coğrafiyasında daha çox qabarması Naxçıvanın geosiyasi funksiyasına, onun davamlı inkişafı və təhlükəsizliyinə yeni baxışı zəruri edir. Naxçıvan artıq Avrasiyanın geosiyasi aktiv seqmentlərindən birində mərkəz nöqtədir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib: "Naxçıvanın əsrlərdən süzülən, ənənələr, saysız nümunələrlə cilalanmış, çağdaş tariximizdə parlaq təzahür edən özünəməxsus siyasi irsi, təcrübəsi var. Bu təcrübə, irs tarixin kritik anlarında milli oyanış, dirçəliş proseslərinin başlanmasında, dövlətçilik instinktlərinin diri tutulmasında öz sözünü deyib, vacib amilə çevrilib. Tarixi zərurət və qanunauyğunluq haqqında məşhur ifadə var: "Az şey lazımi anda baş verir, çox şey isə ümumiyyətlə baş vermir". 3 sentyabr 1991-ci ildə muxtar respublika sakinlərinin, deputatların tələbi, xahişi ilə Ulu Öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi məhz zamanında baş verən azasylı tarixi hadisələrdən biri idi. Beləliklə müstəqilliyimizin təməl daşlarından biri qoyuldu. Həmin dövrdə, istiliyin, elektrik enerjsinin olmadığı, o məşəqqətli günlərdə Ulu Öndərin soyuq, yarıqaranlıq iş otağında yanan çıraq bütün Azərbaycanın ümid işığıydı...
Naxçıvanın İranla sərhədi onun geostrateji profilinin daha bir vacib komponentidir. Zəngəzur-Naxçıvan bölgəsi İran üçün Qara dəniz, şimal istiqamətinə əsas çıxışlardan biridir. Naxçıvan tarixən Böyük İpək yolunun üzərində yerləşməsi və əsas keçid nöqtələrindən biri olması ilə strateji dəyər qazanıb. Səfəvi və Osmanlı imperiyalarının geosiyasi rəqabətinin mərkəzi məsələsi məhz bu ticarət yollarına nəzarət idi".