“Ərdoğan-Tramp görüşü NATO-nun gələcək doktrinasına yön verə bilər” – Bəhruz Quliyev – ÖZƏL
13:30 Siyasət"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Haaqada NATO sammiti çərçivəsində baş tutan görüş, təkcə iki müttəfiq dövlətin ikitərəfli münasibətləri baxımından deyil, həm də Yaxın Şərqdə və Avrasiya coğrafiyasında yeni geosiyasi kodların formalaşması kontekstində mühüm önəm daşıyır. Bu, təsadüfi diplomatik jest deyil - bu, strateji niyyətlərin və maraqların qarşılıqlı uzlaşdırılması cəhdidir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi əlavə edib ki, Ərdoğan-Tramp görüşündə müzakirə edilən məsələlər - Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik, NATO-nun rolu və bölgə sabitliyinin təmin olunması yolları - birbaşa olaraq NATO-nun gələcək doktrinasına yön verir:
"Ərdoğan bu görüş vasitəsilə bir daha nümayiş etdirdi ki, Türkiyə sadəcə NATO-nun periferik üzvü deyil, təşkilatın qərarverici mərkəzində söz sahibi olmaq istəyir və buna real əsaslar da mövcuddur.
Xüsusilə qeyd edim ki, Ərdoğanın bu kimi yüksək səviyyəli təmasları NATO daxilində Türkiyənin strateji çəkisini artırır. ABŞ ilə belə bir təmas, xüsusilə Tramp kimi sərt mövqeli liderlə müsbət tonlu dialoq qurmaq, Türkiyənin Qərb alyansı ilə münasibətlərində çevik diplomatik irəliləyiş deməkdir. Bu həm də NATO daxilində müəyyən qədər parçalanmış qərar mexanizmlərində Türkiyənin balanslaşdırıcı rolunu gücləndirə bilər. Unutmayaq ki, Türkiyə həm Rusiya ilə danışıqlar masasında oturur, həm də NATO-nun ən güclü ordularından birinə sahibdir.
Onu da qeyd edək ki, Türkiyənin NATO daxilində artan rolu, şübhəsiz ki, Azərbaycan üçün həm imkanlar, həm də diqqətli davranmağı tələb edən yeni reallıqlar yaradır. İlk növbədə bu, Azərbaycanın Türkiyə vasitəsilə Qərb strukturları ilə koordinasiyasını gücləndirə bilər. Xüsusən regional təhlükəsizlik, enerji layihələrinin müdafiəsi, sərhəd sabitliyi kimi məsələlərdə NATO-nun daha diqqətli yanaşmasını təmin etmək mümkündür.
Eyni zamanda, bu prosesdə Azərbaycanın balans siyasətinin daha da incəlməsi vacib olacaq. Çünki NATO ilə yaxınlaşma fonunda Rusiya və İranın bölgədəki təsir imkanları daraldıqca, bu aktorların Azərbaycanın daxili və xarici siyasətinə qarşı təzyiq metodları da arta bilər. Burada əsas məsələ milli maraqlara uyğun olaraq müttəfiqlərlə əlaqələri gücləndirmək, lakin neytral diplomatik mövqeni qorumaqdır.
Onu demək vacibdir ki, Ərdoğan-Tramp görüşü təkcə ikitərəfli maraqlara deyil, bütövlükdə NATO sisteminin gələcəyinə, Yaxın Şərqdəki təhlükəsizlik arxitekturasına və Cənubi Qafqazda yeni geosiyasi düzənə birbaşa təsir göstərmək potensialına malikdir. Azərbaycan isə bu dəyişən mənzərədə öz strateji mövqeyini qorumalı və möhkəmləndirməlidir".
Səidə Ramazanova