Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu hesab olunur- ÖZƏL

"Müasir Azərbaycan Ordusunun tarixi Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə başlayır. Hələ 1960-cı illərin sonlarından etibarən Ulu Öndər hərbi kadr hazırlığına böyük diqqət yetirirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, gənc zabitlərin dəstəklənməsi milli ordunun formalaşması üçün möhkəm baza yaratdı.1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Ordu dağınıq vəziyyətdə idi və Ermənistanın təcavüzü bu vəziyyəti daha da ağırlaşdırırdı. Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə vəziyyət dəyişdi - vahid, intizamlı ordu formalaşdırıldı. 1998-ci ildə isə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi rəsmən təsis edildi.

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Nüfuzlu Global Fire Power təşkilatının hesabatına görə, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dövlət Ordunun inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir. Belə ki, 2025-ci ildə hərbi büdcə 8,4 milyard manat təşkil edib, müdafiə sənayesi sürətlə inkişaf edir, Azərbaycan zavodlarında 1000-dən artıq hərbi məhsul istehsal olunur. Əsgər və zabitlərə qayğı da daim diqqət mərkəzindədir - son illərdə 4000-dən çox zabit mənzillə təmin edilib, maaşlar mütəmadi olaraq artırılır, sosial təminat yaxşılaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31