Fransa səfirinin dəvətsiz Şuşa səfəri: Münasibətlərdə yeni siqnal və diplomatik balans axtarışı- ÖZƏL

Bir neçə gün əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri azad edilən ərazilərə səfər ediblər. Fransa səfiri Ann Buayonun əvvəlki imtinalardan sonra bu dəfə dəvət olmadan Şuşaya getməsi və "Şuşa Azərbaycan mədəniyyətini anlamağa imkan verir" deməsi diqqət çəkib. 
 
Maraqlıdır, Fransa səfirinin bu dəfəki səfərə dəvətsiz qatılması hansı diplomatik mesajları verə bilər?

Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında bildirib ki, Fransa səfirinin Şuşaya səfəri münasibətləri normallaşdırmaq istəyinin simvoludur:

"Fransa səfiri Ann Buayonun bir neçə gün əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri azad edilən ərazilərə səfərinə qatılması həqiqətən də diqqət çəkir. Belə ki, o, ilk dəfə olaraq, özü təşəbbüs göstərərək bu səfərə qatılıb. Halbuki əvvəlki dəvətlərə qatılmamışdı. 
Hər şeydən əvvəl, bu addım Fransa-Azərbaycan münasibətlərində müəyyən ton dəyişikliyinin siqnalı kimi dəyərləndirilə bilər. Düzdür, iki ölkə münasibətlərindəki kəskinlik hələ aradan qalxmasa da, Parisin ritorikasında yumşalma axtarışları görmək bütün hallarda yaxşıdır. 
Fransa uzun müddətdir ki, Ermənistanla münasibətləri fonunda Azərbaycana qarşı bariz şəkildə qeyri-obyektiv mövqe sərgiləyir. Bu, təkcə siyasi bəyanatlarda deyil, həm də simvolik addımlarda məsələn, Fransa Senatında qəbul edilən Azərbaycana qarşı qətnamələrdə, Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzü şübhə altına alan ritorikada, yaxud da Parisdə keçirilən birtərəfli "Qarabağ erməni mədəniyyəti" tədbirlərində özünü göstərib.
Bu kontekstdə Fransa səfirinin Şuşaya- Azərbaycanın mədəniyyət paytaxtına və azad edilmiş ərazilərə səfəri Parisin nəhayət Azərbaycanın ərazi bütövlüyü və mədəni suverenliyi ilə bağlı həqiqətləri tanımağa meylli olduğunu göstərə bilər. 
Bunu Fransa diplomatiyasının gələcək mövqelərinə yön verəcək bir siqnal kimi də başa düşmək olar. Çünki dəvət olunmadan belə bir səfərə qatılmaq diplomatik protokolda nadir hadisədir. Bu, bəzən geri addım atmanı etiraf etmədən, münasibətləri düzəltmək istəyən tərəfin öz təşəbbüsünü göstərmək üsuludur. Bu baxımdan Buayonun səfəri, Fransa tərəfinin ikitərəfli münasibətləri normallaşdırmaq istəyinin simvolik ifadəsi kimi də dəyərləndirilə bilər. 
Hesab edirəm ki,  Fransa diplomatiyası ikili xətt üzrə hərəkət edir. Yəni bir tərəfdən Paris Ermənistana tam dəstəyi saxlamaq, digər tərəfdən isə Azərbaycanla yeni regional reallıqlara uyğunlaşmaq istəyir. Səfirin Şuşaya səfəri də bu balans axtarışının, ikitərəfli münasibətləri müəyyən çərçivədə saxlamaq istəyinin göstəricisidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31